Ərdoğanın hədiyyəsi Avropada gündəm oldu: Meloninin qərarı diqqət çəkib - FOTOLAR

Ərdoğanın hədiyyəsi Avropada gündəm oldu: Meloninin qərarı diqqət çəkib - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra liderlərə hədiyyə etdiyi, üzərində adları həkk olunmuş xüsusi hazırlanmış revolverlər Avropada müzakirə mövzusu olaraq qalmaqdadır.

“Cebheinfo.az” xəbər verir ki, içində döyüş sursatı olduğu və Türkiyə müdafiə sənayesini təşviq etmək üçün liderlərə verildiyi bildirilən revolverlər hazırda müxtəlif ölkələrdə saxlanılır və onların necə idarə olunduğuna dair təfərrüatlar ortaya çıxıb.

Polşa Prezidenti Karol Navrotskinin müşaviri revolverin Varşavadakı Şopen adına Beynəlxalq Hava Limanında gömrük rəsmiləşdirilməsini gözlədiyini bildirib.

Müşavir silahın təhlükəsiz saxlanılacağını bildirib və əlavə edib ki, heç kim onu atəşə tutmayacaq.Belçikanın Baş naziri Bart De Vever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona tapança hədiyyə etdiyini bilmədən özü ilə ölkəsinə aparıb.

Bildirilir ki, hökumət başçısı aldığı hədiyyə paketini nümayəndə heyətinin üzvlərinə ötürüb.O, hədiyyənin silah olduğunu yalnız Belçikaya qayıtdıqdan sonra aeroportda mətbuatdan öyrəndiyini bildirib.

De Vever hədiyyəni açdıqdan sonra silahı hava limanının polisinə təhvil verib. Hazırda o, aeroportun seyfində saxlanılır. Hədiyyənin gələcək taleyinin necə olacağı məlum deyil.

Niderland və İsveç baş nazirlikləri də revolverlərin Ankaradakı səfirliklərində qaldığını açıqlayıblar. Bildirilib ki, Niderland hədiyyəni ölkəyə aparmazdan əvvəl istifadəyə yararsız hala salmağı planlaşdırır, İsveç isə idxal prosedurlarının tamamlanmasını gözləyir.

Britaniya mediası xəbər verir ki, Baş nazir Keir Starmer silah idxalı ilə bağlı qanuni qaydalara görə ona hədiyyə edilən revolveri İngiltərəyə apara bilməyib.

İtaliya Baş naziri Corcia Meloninin revolveri digər dövlət hədiyyələri ilə birlikdə Romadakı Baş nazir Sarayı olan “Palazzo Chigi”də saxlanılır.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin ona verilən revolveri hərbi muzeyə bağışlamağı planlaşdırdığı bildirilib.

Liderlərə hədiyyə edilən revolverin 1990-cı illərdə Maşınqayırma və Kimya Sənayesi (MKE) tərəfindən istehsal edilən “Gümüşay 357 Magnum” modeli olduğu bildirilib. 

Taxta qutuda təqdim edilən revolverdə Türkiyə və NATO loqotipləri, eləcə də türk və ingilis dillərində "Ölkəmizdə istehsal olunan ilk revolver tipli tapança" ifadəsi yer aldığı bildirilir.

Nigar
“Cebheinfo.az”