Dünya Çempionatına vəsiqə qazanan ilk dörd komandanın adı açıqlandı
2027-ci ildə Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi 20 yaşadək futbolçular arasında dünya çempionatında iştirak edəcək ilk dörd komandanın adı artıq məlumdur.
"Cebheinfo.az" xəbər verir ki, bu turnirə qatılacaq yığmalar Uelsdə keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının yekunlarına əsasən dəqiqləşib.
Qitə birinciliyinin yarımfinal mərhələsinə yüksəlməyi bacaran İspaniya, Xorvatiya, Ukrayna və Almaniya yığmaları birbaşa olaraq növbəti mundialda iştirak hüququ qazanıblar.
Finala gedən yolda İspaniya millisi Xorvatiyanı darmadağın edib (3:0), Almaniya isə Ukraynadan üstün olub (2:1). Çempionun adına aydınlıq gətirəcək həlledici qarşılaşma iyulun 11-də baş tutacaq.
Qeyd edək ki, 20 yaşadək futbolçular arasında dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın müştərək təşkilatçılığı ilə keçiriləcək.
"Cebheinfo.az"

