Uçuş müəllimi özünü atdı: Təyyarədə tələbə tək qaldı
Argentinada baş verən hadisə aviasiya dünyasında böyük rezonans doğurub.
"Cebheinfo.az" xəbər verir ki, 42 yaşlı pilot-təlimatçı Leandro Andres Bertatso tələbəsi Rosario ilə birlikdə təlim uçuşu həyata keçirərkən qəfil təyyarənin qapısını açaraq özünü boşluğa atıb.
Həmin anda kokpitdə tək qalan 22 yaşlı pilot tələbəsi yaşadığı şoka baxmayaraq, təyyarəni təkbaşına təhlükəsiz şəkildə endirərək mümkün faciənin qarşısını alıb.
Rosarionun ifadəsinə görə, Bertatso təyyarədən atılmazdan əvvəl ona: "Nə etməli olduğunu bilirsən, davam et", – deyib.
Daha sonra qulaqlığını çıxarıb, mobil telefonunu götürüb, təhlükəsizlik kəmərini açıb, təyyarənin qapısını açaraq təxminən 260 metr yüksəklikdən özünü boşluğa buraxıb.
Kiçik təlim təyyarəsində tək qalan Rosario hava hərəkətinə nəzarət xidməti ilə əlaqə saxlayaraq soyuqqanlılığını qoruyub və təyyarəni təhlükəsiz şəkildə uçuş-eniş zolağına endirməyi bacarıb.
Daha sonra o, təlimatçısının düşdüyü ərazini hüquq-mühafizə orqanlarına təsvir edib. Axtarış-xilasetmə qrupları qısa müddət sonra Bertatsonun meyitini aşkar ediblər.
Bertatsonun çalışdığı "Flying Parrot Cordoba" Uçuş Məktəbinin rəhbəri Eduardo Alvares baş verən hadisədən dərin təəssüf hissi keçirdiklərini bildirib.
Onun sözlərinə görə, təlimatçının belə bir addım atacağına dair əvvəllər heç bir əlamət müşahidə olunmayıb.
Hadisədən sonra danışan Bertatsonun atası oğlunun bir müddətdir çətin psixoloji vəziyyətdə olduğunu və psixiatrik müalicə aldığını açıqlayıb.
Bildirilib ki, bu məlumat yalnız yaxın ailə üzvlərinə məlum olub.Hadisə ilə bağlı prokurorluq genişmiqyaslı araşdırmaya başlayıb. İlkin ehtimallara görə, təlimatçı təyyarədən öz istəyi ilə tullanıb.
Səlahiyyətli qurumlar hadisənin bütün təfərrüatlarının araşdırıldığını və istintaqın davam etdiyini bildiriblər.
Əfsanə
"Cebheinfo.az"

