Şokolad seçərkən səhv edirik - Həkimdən diqqətçəkən açıqlama
“Tünd şokoladın sağlam, südlü şokoladın isə zərərli olduğu fikri tam doğru deyil”.
“Cebheinfo.az” bildirir ki, bu barədə kardioloq Məhbub Alam “The Times of India” nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, 21 min nəfərin iştirakı ilə aparılan genişmiqyaslı araşdırma gündə 100 qrama qədər şokolad qəbul edən insanlarda ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərib.
Maraqlıdır ki, tədqiqat iştirakçılarının böyük əksəriyyəti məhz tünd deyil, südlü şokoladı istehlak edib. Məhbub Alam vurğulayıb ki, bu nəticələr südlü şokoladının xüsusi sağlamlıq faydalarına malik olduğunu sübut etmir.
Onun fikrincə, əldə olunan nəticələr sadəcə olaraq bir növ şokoladı tam faydalı, digərini isə tam zərərli hesab etməyin doğru olmadığını göstərir. Bununla belə, kardioloq qeyd edib ki, tünd şokoladın tərkibində damarların sağlamlığına müsbət təsir göstərən və xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edən flavanolların miqdarı daha yüksəkdir.
Mütəxəssisin sözlərinə görə, tünd şokoladda bu maddələrin miqdarı təxminən 70 faiz çoxdur. Xatırladaq ki, daha əvvəl dietoloq Aleksandr Burlakov da qəhvə ilə bağlı geniş yayılmış bir fikri təkzib etmişdi.
O bildirmişdi ki, qəhvənin kişilərin sağlamlığına zərər verdiyi iddiası elmi cəhətdən təsdiqini tapmayıb. Dietoloqun sözlərinə görə, bu yanlış təsəvvür qəhvənin prostat vəzisindən sinki azaltdığına dair iddialardan qaynaqlanır.
Aişə Andulova
“Cebheinfo.az”

