Trampın İran planının arxasında nə dayanır?
Aylarla davam edən nisbi sakitlikdən sonra bölgədə gərginlik yenidən alovlanıb.
Məhz ABŞ ilə İran arasında yenidən başlanan hərbi gərginlik Yaxın Şərqdə təhlükəsizlik risklərini də gündəmə gətirib. ABŞ ordusunun İrana qarşı növbəti zərbələr endirməsi və Vaşinqtonun sərt bəyanatları regionda vəziyyətin daha da mürəkkəbləşəcəyi ilə bağlı narahatlıqları artırır.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib.
Maraqlıdır, ABŞ və İran arasında nə baş verir? Əməliyyatının əsas məqsədi İranın hərbi imkanlarını zəiflətməkdir, yoxsa daha geniş geosiyasi və strateji hədəflər də var?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, İran və ABŞ arasında zaman-zaman bu cür gərginliklərin olacağı proqnozlaşdırılırdı:
“Baxmayaraq ki, tərəflər bir müddət öncə müəyyən anlaşma əldə etmişdilər və danışıqlar da davam etdirilirdi. Amma dünən Donald Tramp bəyan etdi ki, İranla əldə olunmuş atəşkəs başa çatıb və İranın davranışları ona qarşı əməliyyatların aparılmasını labüd edir.
Söhbət burada Hörmüz boğazında sərbəst gəmiçiliyin və naviqasiyanın təmin olunması ilə bağlı İranın öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməməsindən gedir.Məhz İran Hörmüz boğazı ilə bağlı məsələlərdə kifayət qədər qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Bu da Amerikanın əlinə müəyyən əsaslar və bəhanələr verir. Dünənki zərbələr də İranın, xüsusilə Hörmüz boğazı ətrafında, o cümlədən cənub sahillərində yerləşən limanlarına yönəlmiş hədəflərə endirilmiş zərbələr idi və həmin hədəflər vuruldu”.
O qeyd edib ki, Trampın İrana qarşı planının arxasında daha böyük geosiyasi məqsədlər dayanır:
“Bundan başqa, Donald Tramp NATO-nun Ankara Zirvəsində bəyan etdi ki, lazım gələrsə, İranın Xarq adasını da işğal edə bilərlər. Hansı ki, İranın enerji ixracının 95 faizi məhz bu ərazi vasitəsilə həyata keçirilir.
Hesab edirəm ki, burada daha böyük geosiyasi məqsədlər var. Belə ki, ABŞ özünün dünyada liderliyini və hegemonluğunu davam etdirmək üçün logistik nəqliyyat dəhlizlərinə, logistika və enerji resurslarına nəzarəti artırmağa çalışır.
Məhz Hörmüz boğazı və İranın enerji ehtiyatlarına nəzarət məsələsi də Donald Trampın əsas məqsədlərindən biridir.
Şübhəsiz ki, burada ən vacib məsələ İranın nüvə proqramı ilə bağlı narahatlıqlardır. Dünən Ankarada keçirilən NATO sammiti çərçivəsində alyansa üzv olan ölkələrin liderləri ABŞ ilə həmrəy olduqlarını bəyan etdilər.
NATO-nun yekun qətnaməsində İranın nüvə silahı əldə etməməsi ilə bağlı birmənalı mövqe, eləcə də Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasının vacibliyi öz əksini tapıb. ABŞ 40 günlük savaşdan fərqli olaraq, bu dəfə NATO ölkələrinin böyük ölçüdə dəstəyini almış görünür. Bu baxımdan müəyyən qədər əlini gücləndirib”.
Onun sözlərinə görə, tərəflərin bir neçə ay əvvəl olduğu kimi uzunmüddətli və genişmiqyaslı hərbi eskalasiyada maraqlı olmaları real görünmür:
“Burada daha çox idarə olunan bir gərginlikdən söhbət gedir. ABŞ da məhz bu təzyiqlər vasitəsilə İrana müəyyən tələblərini qəbul etdirməyə çalışır. Bu proseslərin regionda hərbi balansı necə dəyişəcəyi isə hadisələrin gedişindən asılı olacaq.
Əslində, 40 günlük savaş regionda böyük ölçüdə dəyişikliklərə gətirib çıxarmasa da, İranın ambisiyalarını artırdı. İran faktiki olaraq nə qədər ağır zərbələr alsa da, həmin prosesdən, yəni 40 günlük savaşdan rejimini və müəyyən hərbi potensialını qorumaqla güclü çıxdı.
Biz İranın davranışlarında da atəşkəs dövründə bu faktoru hiss edirdik. Çünki onlar region ölkələri ilə daha yumşaq davranmaq əvəzinə, daha sərt və ultimativ formada davranmağa davam edirdilər. Bu cür hədələyici və təzyiq xarakterli ritorika, əlbəttə ki, məqbul hesab olunmurdu.
Düşünürəm ki, bu proseslərin gedişindən asılı olaraq bölgədə geosiyasi balansın necə dəyişəcəyini gələcəkdə müşahidə edəcəyik”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

