Rusiya azərbaycanlıları “günah keçisi” edib
Rusiya Dövlət Duması yetkinlik yaşına çatmış miqrant işçilərin uşaqlarının 30 gün ərzində ölkəni tərk etmələrini tələb edən qanun qəbul edib.
Yetkinlik yaşına çatmış xarici vətəndaş, qalmaq və ya yaşamaq üçün başqa qanuni əsasları olmadığı təqdirdə, Rusiyanı 30 gün ərzində tərk etməlidir.
Bundan başqa Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb.
Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar.
Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.
Qeyd edək ki, bundan öncə də miqrantlarla bağlı rüsumlar artırılmışdı. Bütün bu proseslər orada yaşayan azərbaycanlılar üçün problemlərə yol açacaqmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Rusiyada “Miqrasiya haqqında” Qanunun sərtləşməsinin səbəbləri çoxdur və bu yalnız azərbaycanlılara qarşı deyil:

“Rusiyanın daxili problemləri artdıqca bu problemlərin “günah keçisi” olmalıdır. Bu məsələdə miqrantların önəmli rol oynayacağını və daxili problemlərin onların üzərinə yükləyəcəyini düşünən bir Kreml hakimiyyəti var.
Ona görə də “Miqrasiya haqqında” Qanun getdikcə sərtləşdiriləcək. Ancaq bu məsələ orada yaşayan soydaşlarımızın hamısına aid deyil. Rusiyada yaşayan azərbaycanlıların böyük əksəriyyəti həmin ölkənin vətəndaşıdır. Onların Rusiya pasportu var, bu dəyişikliklərin heç bir aidiyyəti yoxdur.
Çünki Rusiya vətəndaşı sayılırlar və “Miqrasiya haqqında” Qanuna dəyişikliklərin olunması onlara aid deyil. Orada yaşayan, 100-300 min azərbaycanlılar var ki, onlar miqrantdırlar. Bəziləri də qanunsuz şəkildə orada çalışırlar.
Onlarla bağlı problemlər olacaq. Bu problemlərin də yaşanacağı öncədən də bilinirdi. Bu Rusiyanın apardığı siyasətin nəticəsidir. Hansısa ölkəyə qarşı deyil, Rusiyanın öz problemlərini miqrantların üzərinə atmaq cəhdidir. Buna da hazır olmaq lazımdır.
Orada yaşayan soydaşlarımızın geri dönmək məsələsi qalxacaqsa, bunu problem yox, fürsət kimi görmək lazımdır. Onsuzda bizdə demoqrafik vəziyyət getdikcə çətinləşir.
Oradan qayıdan soyadşlarımız Azərbaycanda iqtisadiyyatın dirçəlməsində mühüm rol oynaya bilər. Sadəcə bunun üçün şərait yaranmalıdır. Qayıdan insanlar kiçik bizneslə məşğul olmalıdır, öz işlərini qurmağı bacarmalıdırlar.
Qarabağa köç konsepsiyasında rollardan istifadə etmək olar. Hətta onların bir qismi əslən qarabağlıdırlar. Buna belə yanaşmaq lazımdır, bu faciə deyil. Problem deyil, əksinə fürsətdir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

