Ləmanın müalicəsinə 10 min yığılıb: Ailə kömək gözləyir

Ləmanın müalicəsinə 10 min yığılıb: Ailə kömək gözləyir

Yasamal rayonunda baş vermiş yanğın zamanı həyatını itirən "Bakı Milli Geyim Evi"nin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi uzun müddətdir Türkiyədə davam etdirilir.

Yanğın zamanı tüstüdən ağır zəhərlənən Ləman Qulamovanın qida ilə nəfəs borusu (traxeya) arasında yaranan ciddi problem səbəbindən Türkiyədə bir neçə ağır əməliyyat keçirib. Hazırda onun müalicəsi davam edir və bunun üçün böyük məbləğdə vəsait tələb olunur.

Müalicə xərclərinin ağırlığından ailə daha əvvəl də ölkə rəhbərliyinə müraciət edib. Ləman Qulamovanın müalicəsinə dəstək məqsədilə sosial şəbəkələrdə ailənin bank kartı məlumatları paylaşılıb.

Bəs hazırda Ləmanın vəziyyəti necədir?

“Cebheinfo.az”-a açıqlamasında Ləmanın xalası Maya xanım bildirib ki, Ləmanın sağlamlığına qovuşmasını böyük ümidlə gözləyirlər:

“Ləmanın müalicəsi hazırda Türkiyədə davam etdirilir. Müalicə çox böyük xərc tələb edir. Bir müddət əvvəl paylaşdığımız kart hesabına müəyyən qədər yardım olundu.

Amma toplanan təxminən 10 min manat müalicə xərclərinin yalnız çox cüzi hissəsini qarşılaya bildi. Hazırda həkimlərin rəyinə görə, qarşıda bizi 70-100 min manat dəyərində əməliyyat və müalicə xərcləri gözləyir.

Ləmanın vəziyyəti hələ də yaxşı deyil. Ləman ötən ilin noyabr ayından etibarən ağızdan qidalanmır. Həkimlərin göstərişinə əsasən o, nə yemək yeyə, nə su içə, hətta tüpürcəyini belə uda bilmir.

Çünki ağızdan udulan hər hansı qida və ya mayenin ağciyərlərə keçmə riski var ki, bu da təhlükə yarada bilər. Məhz buna görə Ləmanın qidalanması və su ehtiyacı noyabr ayından bəri bağırsaq yolu ilə təmin olunur.

Buna görə də o, daim həkim nəzarətində olmalıdır. Çox ağır günlər yaşayırıq. Vaxtilə çox fəal, aktiv bir qız olan Ləman artıq səkkiz aydır xəstəxanadadır.

Biz onun diplomat olmasını xəyal edirdik. Amma bu gün o, xəstəxana otağında insanların yardımını gözləyir. Bu vəziyyət bizi psixoloji cəhətdən də çox sarsıdır”.

O qeyd edib kİ, bu xəstəlik çox fərqlidir, onu müalicə edən həkimlər də çox azdır:

“Hər həkim fərqli müalicə üsulu təklif edir. Biz istəyərik ki, müalicəsi ölkəmizdə də mümkün olsun. Bunun üçün Səhiyyə Nazirliyinin dəstəyi ilə xarici mütəxəssislərin Azərbaycana dəvət olunması çox böyük kömək olardı.

İndiyədək müəyyən dəstək göstərilib, təəssüf ki, bu kifayət etmir. Biz ölkə başçısı İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan və Səhiyyə Nazirliyindən kömək istəyirik. Ümid edirik ki, səsimizi eşidəcəklər və gənc bir qızın həyata qovuşmasına dəstək olacaqlar".

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan biri də Könül Hümbətova Ləmanın anasıdır.

Gülər Həsənli
“Cebheinfo.az”