İranlı general: "İstənilən hücuma cavab verməyə hazırıq"

"Ölkəyə qarşı istənilən hücuma qəti şəkildə cavab verməyə hazırıq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri Fars körfəzindəki qoşunlara baxış zamanı deyib.
"Düşmənlərimiz İranın dövlət quruluşuna və ərazi bütövlüyünə qarşı səhvə yol versə və ya bunu etmək istəsə, planlaşdırsa və ya düşməncəsinə addımlar atsa, silahlı qüvvələrimiz onlara müqavimət göstərə biləcək. Onlar buna tam hazırdırlar. Bizi vaxtaşırı təhdid edən düşmənlərə tövsiyə edirəm ki, siz İranla münaqişəyə başlamaqla səhvə yol verə bilərsiniz, lakin onun nəticələri, xarakteri, vaxtı və yeri, eləcə də hərbi əməliyyatların miqyası yalnız İrandan asılı olacaq. Düşmən böyük zərər görəcək", - deyə Baqiri bildirib.
Onun sözlərinə görə, İranın ali hərbi rəhbərliyinin ölkənin cənubuna səfəri zamanı əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Baş Qərargah rəisi bildirib ki, İran silahlı qüvvələri istənilən ssenariyə tam hazırdır və kəşfiyyat, operativ planlaşdırma və əmrləri yerinə yetirməyə hazırlıq baxımından ən yaxşı vəziyyətdədir.
“Cebheinfo.az”