Rusiya klubu "Sabah"a təşəkkür edib

Moskvanın ÇSKA komandasının sabiq futbolçusu, hazırda Bakının "Sabah" klubunun baş məşqçisi olan Vasili Berezutski "qırmızı-göylər"in UEFA Kubokundakı (indiki Avropa Liqası) qələbəsinin 20 illiyi şərəfinə keçiriləcək qala-matçda iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ÇSKA-nın Mətbuat Xidməti məlumat yayıb.
ÇSKA əfsanələri ilə 2004/05 mövsümündə mükafata gedən yolda ordu futbolçularının məğlub etdiyi Avropa klublarının oyunçularından ibarət komanda arasında oyun mayın 18-də Moskvada keçiriləcək.
"Berezutski qardaşları və Sergey İqnaşeviçdən ibarət əfsanəvi müdafiə triosu qala-matçda bütün azarkeşləri sevindirəcək", - deyə məlumatda qeyd olunub.
Eyni zamanda, ÇSKA komandası "Sabah" klubuna keçmiş müdafiəçiyə qala-matçda iştirak etməyə imkan yaratdığı üçün təşəkkür edib.
Qeyd edək ki, bu matçdan bir gün əvvəl mayın 17-də "Sabah"ın Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Zirə"yə qarşı oyunu olacaq.
Əlavə edək ki, ÇSKA UEFA Kubokunun 2004/05 mövsümündəki finalında Portuqaliyanın "Sportinq" klubunu 3:1 hesabı ilə məğlub edib.
“Cebheinfo.az”