Kreml Köçəryanı “qurban verir”

İrəvanın “Armenianreport” portalı son günlər Ermənistanın sabiq prezidenti Robert Köçəryanın əmlakının müsadirə olunması ilə bağlı qaldırılan hüquqi iddianın Rusiyanın siyasi xeyri-duası ilə baş verdiyini yazıb.
"Cebheinfo.az" xəbər verir ki, məqalədə bununla bağlı mayın 9-da Qələbə paradında iştirak etmək üçün Moskvaya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya rəhbərliyi arasında razılaşmanın əldə olunduğu bildirilir.
“Bazar ertəsi gününün əsas hadisəsi ondan ibarətdir ki, Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və onun ailəsinin əmlaklarının Ermənistan Respublikasının xeyrinə müsadirə olunmasını tələb edir. Məlum olduğu kimi, Nikol Paşinyan Moskvaya səfər edib. Onun səfəri İrəvanla Kreml arasında münasibətlərin pisləşdiyini nəzərə aldıqda böyük səs-küyə səbəb olub.
Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) açıq şəkildə tənqid edib, Rusiyadan uzaqlaşıb və Qərblə əlaqələr qurub. Lakin Moskvaya səfər və Azərbaycan Prezidentinin getmədiyi Qələbə paradında iştirakın özü yalnız gərginliyi qismən də olsa, aradan qaldırmaq istəyindən xəbər vermirdi. Görünür, Paşinyan bu səbəbdən Belarus Prezidenti Aleksandr Lukaşenko ilə məcburi qonşuluğa dözməli olub.
İndi bütün sirlər aydın oldu. Paşinyanın Moskvadan qayıtmasından dərhal sonra postsovet məkanının ən nüfuzlu siyasətçilərindən birinə genişmiqyaslı hücum baş verdi. Söhbət sadəcə, 22 əmlakdan, milyonlarla dollardan, şirkətlərdəki paylardan və digər əhəmiyyətli aktivlərdən getmir.
Məsələ bundadır ki, Köçəryanın həbsi üçün zəmin hazırlanır. O, açıq şəkildə rusiyapərəst mövqeyə bağlılığı, Kremlə yaxın olan və Rusiyanın siyasi dairələrində tez-tez qonaq olan siyasətçidir.
Bu cür irimiqyaslı əmlakın müsadirə edilməsi prosedurunun Moskvanın razılığı olmadan başlaması, ən azı, riskli addım kimi görünür. Axı Kreml ənənəvi olaraq postsovet məkanındakı keçmiş sadiq müttəfiqlərinə təsir üçün bir növ “ehtiyat aerodrom” kimi baxır.
Nəticə etibarı ilə belə fəaliyyətlərin birbaşa olmasa da, heç olmasa səssiz təsdiqini almaqla Rusiya ilə razılaşdırıla biləcəyini düşünməyə əsas var. Buradan nə çıxır? Köçəryan artıq Rusiya üçün strateji dəyər ifadə etmir?
Bəli, dəyişən geosiyasət kontekstində Kreml hazırkı hökumətimizlə yeni razılaşmalar naminə köhnə əlaqələri “sıfırlamağa” üstünlük verə bilər. Bəli, Köçəryanın gələcək aktivlərinin müsadirəsi təkcə hüquqi proses deyil.
Bu, siyasi siqnaldır və həm yerli erməni auditoriyası, həm də beynəlxalq müşahidəçilər bunu qüvvələr balansında dəyişikliklərin göstəricisi kimi oxuyurlar.
Paşinyanın Moskva səfərindən dərhal sonra belə addımların atılması heç bir şübhə yeri qoymur: Kreml keçmiş müttəfiqinin taleyinə ya razılaşıb, ya da bilərəkdən göz yumub.
Bu isə İrəvanla Moskva arasındakı münasibətlərdə yeni mərhələnin başlanması demək ola bilər - praqmatik, soyuq, lakin hələ də həyat qabiliyyətli” - məqalədə belə qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”