Putin onlara axmaq dedi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna silahlı birləşmələrindən azad edilən Kursk vilayətinə səfər edib və bölgəyə gələn könüllülərlə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, iclasda çıxış edən Putin Ukrayna ordusunun İkinci Dünya müharibəsi abidələrini dağıtdığını deyərək, "Bu vəziyyət onların neonasist ideologiyası olan insanlar olduğunu deməyə hər cür əsas verir",- bildirib.
Ukraynalıların rəftarını sərt sözlərlə tənqid edən Putin "Axmaqların yarışmasında belə ikinci olacaqdılar. Niyə? Çünki axmaqdırlar. Nə cür insanlar olduqlarını hərəkətləri ilə göstərirlər",- deyib. Kursk vilayətində minatəmizləmə qruplarının artırılmasına da göstəriş verən Rusiya lideri Rusiyanın “vahid komandaya çevrildiyini” və bunun “bütün məqsədlərə çatmağın açarı” olduğunu vurğulayıb.
Səfər zamanı könüllülər Putinə Ukraynada və bəzi Qərb ölkələrində dağıdılmış Rusiya abidələrinin kataloqunu təqdim ediblər. Putin bu sənədləri araşdırarkən, "Bunun nə üçün edildiyi çox aydındır. Kim olduğumuza, haradan gəldiyimizə dair tarixi yaddaşı silmək üçün. Bəs niyə? Gələcək olmasın deyə. Bu, həqiqətən çox sadədir. Digər səbəb isə Rusiyaya baxanların yaddaşını silməkdir",- deyib.
Putin, həmçinin Kurçatov şəhərində tikilməkdə olan yeni atom elektrik stansiyasına baş çəkib və yerli hakimiyyət orqanları ilə görüşüb. Kursk boyunca xüsusi iqtisadi zonanın yaradılması ideyasını dəstəkləyən Putin bu təklifi hökumət və İqtisadi İnkişaf Nazirliyi ilə müzakirə edəcəyini açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"