ADY-dən sürət qatarları ilə bağlı açıqlama

ADY-dən sürət qatarları ilə bağlı açıqlama

Son günlər yenə də qatarların sürəti mövzusu gündəmə gəlib.

Azərbaycandakı sürət qatarlarının sürəti dünya ölkələrinin sürət qatarları ilə müqayisə edilib və yavaş hərəkət etməsi tənqid olunub.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev açıqlama verib.

O bildirib ki, dəmir yollarının sürət normativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 90 km/saatdan yüksək olduqda isə sürətli sərnişin qatarı hesab olunur:

“Həmçinin Azərbaycan dəmir yollarında istismar olunan, İsveçrənin "Stadler" şirkətinin istehsalı olan qatarların maksimum sürəti 160 km/s-dır. Rayonlararası istiqamətdə (Bakı-Balakən xətti xaric) qatarlarımızın maksimum sürəti 140 km/s, Abşeron dairəvi dəmir yolu üzrə isə 90 km/s müəyyənləşdirilib.

Abşeron dairəvi üzrə nisbətən az sürət həddinin müəyyənləşdirilməsi təhlükəsizliyə hesablanıb, bu marşrut üzrə xətlərin əhalinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrindən keçməsi, bəzi yerlərdə yaşayış evlərinin dəmir yollarının yaxınlığında yerləşməsi və bu marşrut üzrə stansiyalar arasında məsafənin qısa olması ilə əlaqədardır”.

B.Hacıyevin sözlərinə görə, qatarın hansısa sahədə müəyyən səbəbdən aşağı sürətlə hərəkət etməsi kadrlarını Yaponiya və Çindəki yüksək sürətli qatarlarla müqayisə etmək son dərəcə məlumatsızlığın nəticəsidir:

“Yəni müqayisə olunan sürət yüksək sürətli hesab edilir. Azərbaycanda dəmiryol infrastrukturu isə sürət və sürətli qatarların hərəkətinə hesablanıb. Yüksək sürətli qatarlar üçün infrastrukturun yaradılması, bu layihəyə çəkilən xərclər və bütün bu işlərin xidmətə, qiymətə təsiri barədə, düşünürəm ki, dəyərli ekspertlərimizdən daha ətraflı öyrənə bilərsiniz”.

"Cebheinfo.az"