"Green card" ləğv olunur: Əvəzində bu kart satılacaq

"Green card" ləğv olunur: Əvəzində bu kart satılacaq

ABŞ-də Prezident Donald Trampın təşəbbüsü ilə yeni bir proqram fəaliyyətə başlayır.

May-iyun aylarında ABŞ iqtisadiyyatına 5 milyon dollar sərmayə yatıran əcnəbilər üçün “qızıl kart” adlanan xüsusi yaşayış icazəsinə müraciətlər qəbul ediləcək. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik xəbər verib.

Nazirin sözlərinə görə, sistem yaxın bir neçə həftə ərzində tam işlək vəziyyətə gələcək. “Bu, aylarla deyil, həftələrlə ölçülən məsələdir”, - deyə o bildirib.

Latnik hesab edir ki, bu proqram ölkəyə böyük miqdarda sərmayə axını gətirəcək və bunun sayəsində ABŞ öz borclarını ödəməkdə irəliləyiş əldə edəcək.

Donald Tramp daha əvvəl bu “qızıl kart”lardan təxminən 1 milyon ədəd təqdim etməyi planlaşdırdığını demişdi. 

Kartlar həm də “Tramp card” adlandırılır. Bu, Trampın soyadı ilə bağlı olmaqla yanaşı, ingiliscədə “üstünlük gətirən kart" mənasını da verir.

Xatırladaq ki,Tramp bu ideyanı  fevral ayında irəli sürüb, lakin proqram yalnız indi həyata keçməyə başlayır. 

Yeni sistem son 35 ildə mövcud olan "EB-5" proqramını əvəz edəcək. Həmin proqram çərçivəsində əcnəbilər ABŞ-də 10 daimi iş yeri yaratmaqla "Green card" (“yaşıl kart”) ala bilirdilər.

Qeyd edək ki, ilkin mərhələdə “trumpcard.gov” adlı sayt açılacaq və bu proqramla maraqlananlardan ilkin müraciətlər qəbul ediləcək. Daha sonra sistem tam fəaliyyətə keçəcək və “qızıl kartlar”ın təqdim olunmasına başlanacaq.

Səbinə Uğur
"Cebheinfo.az"