İnsan alveri qurbanlarının içində kişilər də var

İnsan alveri qurbanlarının içində kişilər də var

İnformasiya texnologiyalarının (Vatsap, Tiktok, İnstaqram, Teleqram sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 (-14) müvafiq fakt aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (sabit) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan vətəndaşı olub. Onlardan 53-ü Türkiyədə, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-i Qətərdə cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb.

Qurbanlardan 12-i 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı olan, habelə 19-u paytaxt, 72-i respublikanın digər şəhər və rayonlarının sakini, 78-i 2015-2023-cü illərdə, 13-ü isə 2024-cü ildə istismara məruz qalan şəxslər olub.

İnsan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb. Onlardan 80 (-10) nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 (-12) nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib. Daha 18 qurban pеşə kurslаrınа yönəldilib, 9 nəfəri işlə təmin edilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik edilib, 44 qurbanın аiləsinə qаyıdışı təmin olunub.

“Cebheinfo.az”