Kassiri süpürgə ilə döyən şəxsə 2 il həbs cəzası

Bakıda market kassirinə fiziki zorakılıq göstərən restoran işçisinə məhkəmə hökm çıxarıb.
Hadisə ötən ilin iyul ayında baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Modern.az-ın məlumatına görə, 2024-cü il iyulun 26-da gecə saatlarında Binəqədi rayonunda yerləşən restoranın bağlanması ilə bağlı təhvil-təslim zamanı icraçı direktor xırdalamaq üçün işçilərdən birinə 100 manat verib. O, pulu xırdalamaq üçün yaxınlıqdakı “Rahat” marketə yollanıb, lakin kassir xırda pul olmadığını bildirib.
Bir müddət sonra həmin şəxs dostu ilə birlikdə marketə qayıdaraq içki alıb və bu zaman kassir 100 manatı qəbul edərək qalıq pul qaytarıb. Bu isə həmin şəxsin narazılığına səbəb olub. Onun kassirlə mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. O, əvvəlcə kassirə yumruqla zərbə endirib, sonra isə marketə qayıdaraq onu yumruq, təpik və süpürgə çubuğu ilə döyüb.
Hadisədən sonra zərərçəkmiş şəxsin atası və bir nəfər tanımadığı adam restorana gəliblər. Bu zaman tərəflər arasında gərginlik yenidən artıb, lakin qarşı tərəfin ona fiziki təzyiq göstərmək cəhdindən sonra təqsirləndirilən şəxs restorandan uzaqlaşıb.
Məhkəmə hadisəni araşdıraraq restoran işçisini təqsirli bilib və ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Lakin onun 25 dekabr 2024–6 may 2025 tarixləri arasında ev dustaqlığında saxlanılması nəzərə alınaraq, bu müddət cəza müddətinə hesablanıb. Beləliklə, şəxsin qalan cəza müddəti 2 il 1 ay 19 gün olaraq müəyyən edilib.
"Cebheinfo.az"