Sakinini sel aparan kənddə son durum: Təhlükə sovuşub?

Sakinini sel aparan kənddə son durum: Təhlükə sovuşub?

Balakən rayonunda yağan intensiv yağışlar sel fəsadlarına səbəb olub. 

Xüsusilə rayonun Katex kəndində baş verən hadisə bölgədə yaranmış təhlükəli vəziyyətin miqyasını bir daha göstərib. 

Belə ki, kəndin 43 yaşlı sakini sel sularına düşərək həyatını itirib. Bu hadisə rayonda sel təhlükəsi ilə bağlı narahatlıqları daha da artırıb.

Hazırda kənddə son vəziyyət necədir?

“Cebheinfo.az”-a açıqlamasında Katex kənd bələdiyyəsinin nümayəndəsi Mehman Şoranov bildirib ki, hazırda kənddə vəziyyət normaldır:

“Balakən rayonunun Katex kəndi ərazisində intensiv yağışların yaratdığı selin fəsadlarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir. Vəziyyət nəzarətdə saxlanılır və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür. 

Hazırda müvafiq qurumların əməkdaşları çay məcrasında bərkitmə və sahilboyu mühafizə işləri aparır, sel sularının yaratdığı risklərin qarşısının alınması üçün texnika cəlb olunub. Görülən tədbirlərin məqsədi çayın məcrasını təhlükəsiz vəziyyətə gətirmək və mümkün təkrar sel riskini minimuma endirməkdir.

Hazırda Katex kəndində sakinlər üçün hər hansı təhlükəli vəziyyət yoxdur. Ərazidə vəziyyət daim izlənilir, təhlükəsizlik tədbirləri gücləndirilib və selin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir”.

Gülər Həsənli
“Cebheinfo.az”