Deputatın fikrinə sözardı: Yerli məhsulları marketə kim buraxmır?
“Son dövrlərdə yerli sahibkarlar tərəfindən səsləndirilən narahatlıqlar göstərir ki, məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur.
Bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır”.
Bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, problem təkcə ödənişin mövcudluğu deyil:
“Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır. Nəticədə kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır.
Bir tərəfdən rəfə çıxmaq üçün yüksək ödənişlər ödəməlidir, digər tərəfdən isə maya dəyəri daha aşağı olan idxal məhsulları ilə qiymət rəqabəti aparmalıdır.
Bu isə faktiki olaraq rəqabət mühitini qeyri-bərabər vəziyyətə gətirib çıxarır. Nəticədə, keyfiyyətli yerli məhsul belə istehlakçıya çatmaq imkanını itirə bilər. Ticarət rəfləri getdikcə daha çox idxal məhsulları ilə dolur, yerli istehsalçı isə bazara daxil olmaq üçün maliyyə baryerlərini aşmağa çalışır”.
Sahibkarların istehsal etdiyi məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması ilə bağlı mövcud problem nədən irəli gəlir və onun həlli ilə bağlı hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli “Cebheinfo.az”-a millət vəkili Razi Nurullayevin səsləndirdiyi fikirlərlə tam şəkildə razı olduğunu bildirib:
“Məsələn, ölkə üzrə yumurta istehsal ilə məşğul olan 10 müəssisə var. Marketlər yalnız bir deyil, həmin 10 müəssisənin bütün məhsulunu satmalıdır. Eləcə də ölkədə ət istehsal ilə məşğul olan 30 müəssisə var ki, onun da yalnız 3-ü marketlərə ət satır.
Bu gün hansını önə qoyacaq deyə, market onun reklamından pul alır. Bəzən supermarketlər malın pullunun ödənilməsi prosesini gecikdirir, bəziləri isə pulunu vaxtında ödəyir.
Ancaq bu o demək deyil ki, onlar bu məhsulları hər kəsdən alıb satırlar. Yəni istehsalçının hamısının məhsulunu satmaq öhdəliyi olmalıdır, yəni istehsalçılar arasında fərq qoyulmamalıdır.
Bu problem isə ölkədə “Ticarət haqqında” qanunun olmamasından irəli gəlir. “Ticarət haqqında” qanun qəbul olunarsa, o zaman orada göstərilməlidir ki, satılan məhsulun rəf ömrü bitdikdən sonra həmin məhsulun pulu sahibkara geri ödənilməlidir.
Məhz pulun ödənişi gecikən zaman isə sahibkar artıq banklara müraciət edir və yenidən kredit götürürlər. Həmin kredit yükü də nəticədə məhsulun, yəni ətin, yumurtanın üzərinə əlavə edilir.
Bildirim ki, supermarketlər həmin pulu 7 gün içində ödəmək əvəzinə, 1 aya ödəyirlər. Bu da artıq sahibkar üçün əlavə problem yaradır. Əgər ölkədə ət istehsal ilə məşğul olan 30 müəssisə varsa, bu gün marketlər yalnız onun bir neçəsi ilə işləyir.
Supermarketlər “Reklam verin, qiyməti aşağı endirin ki, kampaniya aparaq” kimi onların da başına “oyun açır”lar. Yəni etdikləri kampaniyanı da birbaşa istehsal müəssisəsinin üzərinə qoyur”.
Onun sözlərinə görə, təklifləri odur ki, “Ticarət haqqında” qanun qəbulu tezləşdirilsin:
“Həmin qanun olduqdan sonra, əgər bir məhsulun rəf ömrü bitibsə, market onun pulunu sahibkara geri ödəmirsə, ona cəza tətbiq olunar. Belə olduqda marketlər qeyd etdiyim həmin problemi yaratmayacaqlar.
İkincisi, rəqabətədayanıqlılığının qorunması üçün onlar bütün şirkətlərdən məhsul alacaqlar. Bu gün üçün kartof satan yüzə yaxın fermer varsa, marketlər onların hamısı ilə iş qurmalıdır və bütün məhsullarını ortaya qoymalıdırlar.
O cümlədən soğan, mal, eləcə də qoyun əti, süd, pendir, qatıq, quşçuluq və digər məhsulları çeşidli şəkildə təqdim etməlidirlər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

