Qablaşdırılmış meyvə və tərəvəz niyə bahadır?
Marketlərdə eyni meyvə və ya tərəvəzin həm açıq, həm də qablaşdırılmış formada satışına tez-tez rast gəlinir.
Əksər hallarda qablaşdırılmış məhsulların qiyməti açıq satılan analoqlarından daha yüksək olur. Bu qiymət fərqinin qablaşdırma, çeşidləmə, daşınma və saxlanma xərcləri ilə əlaqəli olduğu bildirilsə də, bəzi istehlakçılar bunun marketlərin qiymət siyasətindən qaynaqlandığını düşünür.
Bəs qablaşdırılmış məhsulların daha baha satılması nə dərəcədə əsaslıdır və alıcı ödəniş etdiyi əlavə məbləğ müqabilində hansı üstünlükləri əldə edir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”- a bildirib ki, qablaşdırılmış meyvə və tərəvəzlərin açıq satılan məhsullardan daha baha olmasının əsas səbəbi təkcə qablaşdırma xərcləri deyil.

“Bu məhsulların seçilməsi, çeşidlənməsi, yuyulması, qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanması əlavə xərc yaradır. Bundan başqa, qablaşdırma üçün istifadə olunan materiallar, əmək xərcləri və logistika da son qiymətə təsir edir. Xüsusilə soyuducu zəncir tələb edən məhsullarda bu xərclər daha yüksək olur.
Qablaşdırılmış məhsulların daha baha satılması hər zaman tam iqtisadi əsaslandırmaya malik olmaya bilər. Bir çox hallarda əlavə xidmət və xərclər qiymət fərqini izah etsə də, bəzi hallarda marketlər qablaşdırılmış məhsulları daha rahat və keyfiyyətli məhsul kimi təqdim etdikləri üçün marketinq strategiyasından istifadə edərək daha yüksək qiymət müəyyən edirlər.
Yəni qiymət fərqinin bir hissəsi real xərclərdən, digər hissəsi isə satış və qiymət siyasətindən qaynaqlana bilər. İstehlakçı qablaşdırılmış məhsul alarkən müəyyən üstünlüklər əldə edir.
Belə məhsullar adətən daha səliqəli təqdim olunur, üzərində mənşə, çəkisi və qablaşdırılma tarixi kimi məlumatlar göstərilir, daşınma zamanı məhsulun zədələnmə ehtimalı azalır və gigiyenik baxımdan daha yaxşı qorunur.
Bununla yanaşı, qablaşdırma məhsulun keyfiyyətinə hər zaman zəmanət vermir və bütün hallarda əlavə ödənilən məbləği tam əsaslandırmaya bilər. Ən vacib meyar məhsulun təravəti, keyfiyyəti və saxlanma şəraiti olmalıdır”.
Ekspert qeyd edir ki, buna görə də istehlakçılar seçim edərkən həm qiyməti, həm də məhsulun keyfiyyətini və ehtiyaclarını birlikdə qiymətləndirməlidirlər.
Aişə Abdulova
“Cebheinfo.az”

