Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq proqramı imzalanıb - FOTOLAR

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq proqramı imzalanıb - FOTOLAR

Ədliyyə naziri Fərid Əhmədov Özbəkistana səfəri çərçivəsində Özbəkistanın ədliyyə naziri Akbar Taşkulovla görüşüb.

Ədliyyə Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əsrlər boyu davam edən dostluq və qardaşlıq münasibətlərinin bu gün də uğurla inkişaf etdiyi qeyd olunub, bu əlaqələrin möhkəmlənməsində prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin mühüm rolu xüsusi vurğulanıb.

Nazirlər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlər arasında sahə üzrə uğurlu çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb.

Görüş zamanı tərəflər arasında “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.

Əməkdaşlıq Proqramına əsasən, 2025 və 2026-cı illərdə Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında hüquqşünasların tədrisi, notariat təcrübəsinin təkmilləşdirilməsi, ədliyyə sahəsində rəqəmsallaşma, qanunvericilik, məhkəmə ekspertizası və digər sahələrdə təcrübə mübadiləsinə dair konkret tədbirlərin keçirilməsi nəzərdə tutulur.

"Cebheinfo.az"