Azərbaycanda 17 yaşda evliliyi niyə qadağan etmək istəyirlər?

Azərbaycanda 17 yaşda evliliyi niyə qadağan etmək istəyirlər?

Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur.

Qanunvericiliyə əsasən, həm oğlanlar, həm də qızlar 18 yaşı tamam olduqda rəsmi nikaha daxil ola bilərlər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə, nikahlar etibarsız sayılır.

Lakin Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanlarının xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.

2021-ci il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə 256 erkən nikah yaşında olan müraciət daxil olub. 2021-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən nikah yaşı 1 il azaldılmış 139 şəxsin nikahı dövlət qeydiyyatına alınıb, onlardan 138-nin qadın, 1-nin isə kişi olduğu müəyyən edilib.

Rəsmi statistik məlumatlara əsaslansaq görərik ki, üzrlü səbəblərdən bir il tez nikaha daxil olanlar əsasən qadınlardır. Belə çıxır ki, bu istisna qadınlara tətbiq edilir və qızların təhsildən yayındırılmasına, erkən nikaha məcbur edilməsinə yol açır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva mətbuata açıqlamasında qızların kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmədiklərini, bu cür ailələrdə zorakılıq hallarının daha çox olduğunu deyib.

Qurum rəsmisi, 17 yaşda nikah kəsilməsi üçün qəbul edilən üzrlü səbəblərin aradan götürülməsi ilə bağlı təklif irəli sürdüklərini bildirib:

“Çünki həmin səbəblər uşaqlarda müəyyən neqativ halların baş verməsinə səbəb olur. Uşaqlar erkən evliliyə cəlb olunduqda təhsildən kənarda qalır. Həmçinin tibbi baxımdan da gənc qızların ana olması doğulan körpələrdə və anada müəyyən fəsadlara gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq komitə kimi belə bir təklif irəli sürmüşük”.

Bu təklifin verilməsi ölkədə 17 yaşlı qızların nikaha daxil olmasının sayı ilə bağlı narahatlıq yaradıb. Son iki ilin statistikasına nəzər yetirdikdə məlum olur ki, 2020-ci ildə 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb. 2021-ci ildə 17 yaşlı 138 qadın ailə həyatı qurub. Göründüyü kimi say azalmağa doğru gedir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Cebhe.info-ya bildirib ki, bununla bağlı hələlik 2022-ci ilin statistikası təqdim olunmayıb.

Şöbə müdiri bu təklifin Birləşmiş Millətlər Təşkilatının tövsiyəsinə əsasən verildiyini qeyd edib:

“BMT-nin uşaq hüquqları komitəsinin 2023-cü il yanvar ayında keçirilmiş sonuncu müzakirəsində yaş imtiyazının, üzrlü səbəblərə görə nikah yaşının bir yaş aşağı salınması və bundan sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinə tövsiyələr edilib.

Həmçinin, qurumun 2022-ci il iyun ayında qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəsi ilə keçirilmiş ikitərəfli dialoq çərçivəsində Azərbaycan hökumətinə tövsiyələr yönəldilib. Həmin tövsiyələrə əsasən, nikah yaşı ilə bağlı imtiyazların aradan qaldırılması təklif edilib.
Çünki bu, sui-istifadəyə gətirir. Uşaq nikahları ilə bağlı qanun pozuntuları var və bununla bağlı primitiv tədbirlərin gücləndirilməsi tövsiyə edilənlər sırasındadır”.

Elgün Səfərov yaş imtiyazının tətbiqinin ayrı-seçkiliyə gətirib çıxardığını vurğulayıb:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən imtiyazın tətbiqi ayrı-seçkilik kimi qiymətləndirilib. Bildirilir ki, uşaq nikahları ilə mübarizə istiqamətində bu qəraraın verilməsi, həmin imtiyazın aradan qaldırılması uşaq və qadın hüquqlarının müdafiəsinə dəstək olacaq”.

Günay Şahmar
Cebhe.info