Azərbaycanda boşanmalar azalıb: Sosioloq səbəbini izah etdi

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
Maraqıdır, ölkədə boşanmaların sayında azalma hansı amillərlə bağlıdır? Məhz nikahların sayında artım və boşanmaların sayında azalma, vəziyyətin yaxşılığa doğru dəyişdiyini söyləməyə əsas verir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, hazırda nikahların sayında müşahidə olunan artım qohum nikahlarının qadağaya qədər yekunlaşdırmaq istəyi də ola bilər:
“Düşünmürəm ki, nikahların artımı ümumi nikahların fonunda baş verir. Bəlkə də bu məsələ araşdırılsa, ehtimallar öz təsdiqini tapar. Bildirim ki, qohumlar arasında nikahların qadağan olunması ilə bağlı qərar artıq bir aydan sonra qüvvəyə minəcək.
Düşünürəm ki, hazırda müşahidə olunan artım məhz qohum nikahlarının qadağadan əvvəl rəsmiləşdirilməsi ilə bağlı ola bilər. İnsanlar sanki bu nikahları önə çəkərək özlərinə yaxşılıq etdiklərini düşünürlər. Amma əslində böyük bir səhvə yol verdiklərinin fərqində deyillər".
Lalə Mehralı qeyd edib ki, əgər artımı göstərən bu rəqəm qohum nikahları ilə bağlı deyilsə, o zaman bu, çox gözəl haldır:
"Əgər bu artım qohum nikahlarından qaynaqlanmırsa, o zaman nikah sayındakı artım çox müsbət haldır. Biz illərdir çalışırıq ki, evlilik göstəricilərində yüksəliş müşahidə olunsun.Lakin dəqiq qiymətləndirmə aparmaq üçün mütləq araşdırma aparılmalıdır.
Artımın səbəbi qohum nikahlarının sayının artmasıdırmı, yoxsa ümumi evlilik nisbətindəki artımdır? Bunu araşdırmaq lazımdır.Əgər artımın səbəbi birinci haldırsa, bu, narahatedici vəziyyətdir. Əgər ikinci haldırsa, bu, çox sevindirici və müsbət tendensiyadır".
Əfsanə Rəcəb
"Cebheinfo.az"