40 yaşdan aşağı varlılar: Çoxu universitet oxumayıb

Britaniyalı məşhur müğənni Dua Lipa "The Sunday Times"-ın 40 yaşdan aşağı zəngin şəxslər siyahısında yer alan ən gənc şəxs olub.
"Cebheinfo.az" xəbər verir ki, "Grammy" və "Brit" mükafatı qazanan sənətçinin sərvəti 115 milyon funt-sterlinq olaraq qiymətləndirilir.
29 yaşlı pop ulduzun sərvəti əsasən albom satışları, konsert turları və brend tərəfdaşlıqları hesabına formalaşıb. Bu il çıxardığı üçüncü studiya albomu “Radikal Optimizm” və Glastonbury Festivalında əsas səhnədə çıxışı onun musiqi karyerasında mühüm addımlar hesab olunur.
40 yaşdan aşağı zənginlər siyahısında musiqi cameəsindən bir çox məşhurlar yer alıb. Siyahının musiqi sahəsində ən zəngin nümayəndəsi isə 370 milyon funt-sterlinq sərvətlə Ed Şirandır. “Shape of You” kimi dünya miqyaslı hitləri ilə tanınan 34 yaşlı ifaçı bu il sərvətini 30 milyon artıraraq siyahıda 13-cü pilləyə yüksəlib.
Siyahının 12-ci pilləsində yer alan keçmiş realiti-şou ulduzu Corciya Toffolo isə sərvətini əri, BrewDog-un təsisçilərindən biri olan Ceyms Vatt ilə bölüşür. Onların birgə sərvəti 425 milyon funt-sterlinq təşkil edir. Keçmiş “One Direction” üzvü Harri Styles isə solo karyerasında əldə etdiyi uğurlarla diqqət çəkir. “As It Was” və “Watermelon Sugar” kimi mahnıları ilə tanınan 31 yaşlı müğənni bu il sərvətini 50 milyon artıraraq 225 milyon funt-sterlinqlə 22-ci sırada yer alıb.
37 yaşlı Adele isə “Someone Like You” kimi klassik mahnıları ilə tanınır. Onun sərvəti 170 milyon funt-sterlinq olaraq dəyişməz qalıb və müğənni siyahının 26-cı pilləsində qərarlaşıb. Uşaqlıqda Harri Potter serialı ilə şöhrət qazanan aktyor Daniel Radcliffe və futbolçu Harri Keyn isə 100 milyon funt-sterlinq sərvətlə siyahının 38-ci pilləsini bölüşürlər. Onların ardınca təqaüdçü tennisçi ser Endi Murrey 110 milyon funt-sterlinq sərvətlə sıradadır.
Siyahının zirvəsində isə texnologiya sahəsindən mobil oyun nəhəngi "Playrix"-in həmtəsisçisi, Rusiya əsilli israilli sahibkar Dmitri Buxman 12,54 milyard funt-sterlinqlik sərvəti ilə qərarlaşıb. 39 yaşlı Buxmanın rəhbərlik etdiyi şirkətdə 3000-dən çox əməkdaş çalışır. İkinci yerdə 9,88 milyard funt-sterlinq sərvətlə Vestminster hersoqu Hyu Qrosvenor yer alır. O, sərvətini miras yolu ilə əldə edib. Qeyd edək ki, Qrosvenor həm də Şahzadə Corcun xaç atasıdır.
"The Sunday Times" tərəfindən hazırlanan bu xüsusi siyahı 1 may 2025-ci il tarixinə 40 yaş və ondan aşağı şəxslərin təxmini sərvətinə əsaslanır. Qiymətləndirmələr zamanı əmlak, torpaq, sənət əsərləri, yarış atları və ictimai şirkətlərdəki paylar nəzərə alınıb. Bank hesabları isə hesaba daxil edilməyib.
Siyahının tərtibatçısı Robert Watts bildirib ki, builki siyahıda yer alanların əksəriyyəti sərvətlərini sıfırdan qazanıb və onların çoxunun universitet təhsili yoxdur. Onun sözlərinə görə, bu uğur hekayələri gənclər və sahibkarlar üçün böyük ilham mənbəyidir.
Əfsanə Rəcəb
"Cebheinfo.az"