Nasistlərin qızılla dolu qatarı tapıldı?

İkinci Dünya müharibəsi zamanı itdiyi iddia edilən nasistlərə məxsus qızılla dolu əfsanəvi qatarının tapıldığı barədə yeni iddia gündəmə gəlib.
"Cebheinfo.az" xəbər verir ki, müharibənin son günlərində yoxa çıxan və əfsanəyə çevrilən bu qatarla bağlı Polşanın cənub-qərbində yerləşən Valbjixt şəhərinin yerli idarəsinə yeni bir məktub daxil olub.
23 aprel tarixli məktubda adı açıqlanmayan bir şəxs, bölgədəki gizli bir tuneldə üç vaqonun yerini bildiyini iddia edib.
İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, məktubu göndərən şəxs hər birinin uzunluğu təxminən 12 metr, hündürlüyü isə 4 metr olan bu vaqonların polad qapının arxasında gizlədildiyini bildirib.
Məktubda həmin vaqonlarda qızıl və digər qiymətli metalların olduğu qeyd edilir. Eyni zamanda məktuba dörd əlavə sənədin də daxil edildiyi, bunlar arasında tunelin yerini göstərən xəritələr, geodezik məlumatlar və bir müharibə şahidinin ifadəsinin yer aldığı bildirilir.Valbjixt Bələdiyyəsinin sözçüsü Kamila Şvyerçinska məktubun təfərrüatlarının real və olduqca konkret olduğunu bildirib.
O, açıqlamasında, “Məktubda qatarın yerləşdiyi tunel kimi çox aydın vizuallar yer alır”, deyə qeyd edib.
Əfsanəvi “qızıl” qatarı barədə iddialar 1945-ci ildə Nasist rəhbərlərinin Breslav (indiki Vroslav) şəhərindən yola salınan zirehli qatara yağmalanmış xəzinələri yükləyərək Valbjixt yaxınlığında yoxa çıxarması ilə bağlı rəvayətlərə əsaslanır.
Hətta bəzi iddialarda bu xəzinələr arasında Rusiyadakı məşhur “Kəhrəba otağı”na aid parçaların da olduğu qeyd olunur.Sankt-Peterburq yaxınlığındakı bir sarayda yerləşən və kəhrəba panellərlə bəzədilmiş bu otaq 1941-ci ildə Nasist qoşunlarının hücumuna məruz qalıb.
Panellər oğurlanaraq Almaniyaya aparılıb və daha sonra onlardan heç bir iz tapılmayıb. Bəzi fərziyyələrə görə, bu otaq da digər qənimətlərlə birlikdə həmin qızıl qatarda yerləşə bilər.
2015-ci ildə də iki nəfər yeraltı radarları vasitəsilə qatarın izinə düşdüklərini iddia edərək dünya miqyasında böyük maraq doğurmuşdular. Həmin dövrdə bölgəyə bir çox ölkədən xəzinə ovçuları axışmışdı.
Lakin bütün axtarışlara baxmayaraq, qatara dair hər hansı konkret dəlil aşkarlanmadı. Rəsmilər son məktubu göndərən şəxsin hələlik rəsmi qazıntı icazəsi üçün müraciət etmədiyini bildiriblər.
Bununla belə, məktubdakı məlumatların qiymətləndirilməsi və yeni araşdırmanın aparılması ehtimalı müzakirə olunur.İllər sonra əfsanəvi qatar tapılacaqmı, yoxsa bu da yeni bir şəhər əfsanəsidir ətrafında mübahisələr davam edir.
Əfsanə Rəcəb
"Cebheinfo.az"