Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen yeni sanksiyalarla Rusiyaya təzyiqləri artıracaqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Von der Leyen Albaniyada keçirilən Aİ və quruma üzvü olmayan Avropa ölkələrindən ibarət Avropa Siyasi Birliyinin Zirvə Toplantısından əvvəl çıxış edib.

Avropa Siyasi Birliyinin Rusiya-Ukrayna müharibəsi başlayanda yaradıldığını xatırladan Ursula fon der Leyen bunun Avropa qitəsində sabitliyi təmin etməyi hədəflədiyini açıqlayıb.

Ursula fon der Leyen Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə Rusiya arasında birbaşa Türkiyədə görüş təklif etdiyini, Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşə hazır olduğunu bildirdiyini, lakin Putinin iştirak etmədiyini xatırladaraq, “Bu, Prezident Putinin sülh istəmədiyini göstərir” deyib.

"Ona görə də təzyiqi artırmalıyıq” deyən Ursula fon der Leyen Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işlədiklərini bildirib:

"Bu paketə "Şimal axını-1 və 2" ilə bağlı sanksiyalar, Rusiyanın kölgə donanmasından daha çox gəminin siyahıya alınması, neftin qiymətinin aşağı salınması və Rusiyanın maliyyə sektoruna daha çox sanksiyalar daxildir".

Aİ-nin prioritetinin sülh olduğuna işarə edən von der Leyen, buna görə də Putinə təzyiqləri daha da artırmalı olduqlarını açıqladı.Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.

Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.Qeyd edək ki, Aİ-nin sanksiya siyahısında 2000-dən çox şəxs və qurum var.

Nigar Hacılı 
"Cebheinfo.az"