Bakıda "Nine Senses Fest 2026" Festivalının bağlanışı keçirildi - FOTOLAR

Bakıda "Nine Senses Fest 2026" Festivalının bağlanışı keçirildi - FOTOLAR

Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və "Nine Senses Art Center"in təsisçisi Leyla Əliyevanın himayəsi ilə keçirilən III Beynəlxalq Mənəvi və Bədən Praktikaları Festivalı "Nine Senses Fest 2026" uğurla başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu il festivalda 1200-dən çox iştirakçı, Azərbaycan, Hindistan, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən gəlmiş 80-dən çox ekspert və ustad bir araya gəlib.

Festivalın əsas mövzusu "Köklərdən İnkişafa" şüarı olub. Festivalın simvolu isə insanın öz kökləri ilə bağını, daxili dayaq nöqtəsini, inkişafını və yeni zirvələrə doğru hərəkətini ifadə edən Ağac seçilib.

Üç gün ərzində festival proqramı insanın hərtərəfli inkişafına xidmət edən müxtəlif ənənələri və istiqamətləri əhatə edib: meditativ təcrübələr, müxtəlif yoqa növləri, sufi ənənələri, çiqonq, çay mərasimləri, psixologiya, musiqi, incəsənət və mədəniyyətlərarası dialoq.

Festivalın rəmzlərindən biri də "Nine Senses" məkanında quraşdırılmış Arzu Ağacı olub. Üç gün ərzində müxtəlif ölkələrdən olan iştirakçılar ağacın budaqlarına öz arzularını, niyyətlərini və diləklərini yazaraq bağlayıblar. Arzu Ağacı festivalın əsas ideyasını - insanın köklərinə bağlı qalaraq daxili inkişaf yolunda irəliləməsini simvolizə edib.

Festivalın ən çox gözlənilən qonaqları sırasında neyroqrafika metodunun müəllifi Pavel Piskaryov, "Neyroağac. Köklərdən İnkişafa" proqramı və Sufizm Günü çərçivəsində təqdim etdiyi iri miqyaslı art-performansla çıxış edib.

Mənəvi inkişaf ustası İmram Kriya öz mühazirələri, master-klassları və musiqili görüşləri ilə böyük auditoriyanı bir araya gətirib.

Sağlamlıq və uzunömürlülük üzrə ekspert Lev İvanov, həmçinin insan potensialının tədqiqatçısı Vadim Popov həyat enerjisi, daxili inkişaf və sağlamlıq mövzularında çıxışları ilə iştirakçıların böyük marağına səbəb olublar.

Festival proqramında xüsusi yer tutan digər ekspert isə səs terapiyası ustası Aleksey Mayorov olub. Onun Səs terapiyası ("Sound Healing") sessiyaları festivalın ən çox ziyarət edilən proqramlarından biri kimi yadda qalıb. Vibrasiya və səs üzərində qurulan bu təcrübələr iştirakçılara dərin rahatlama və daxili harmoniya hissi yaşadıb.

Festivalın ən mühüm hadisələrindən biri Şərqin mənəvi irsinə həsr olunmuş Sufizm Günü olub. Gün ərzində iştirakçılar sufi fəlsəfəsi və mədəniyyəti ilə musiqi, poeziya, meditasiya və müxtəlif mənəvi təcrübələr vasitəsilə tanış olublar.

Proqramın diqqətçəkən simaları arasında "Sufi Qəlbi" proqramını təqdim edən mənəvi müəllim Darpan, genişmiqyaslı art-performansın müəllifi Pavel Piskaryov və özünəməxsus çıxışı ilə festival iştirakçılarını valeh edən türkiyəli musiqiçi Özgür Baba yer alıblar.

Hindistanlı ustad Bharat Thakurun dərsləri, azərbaycanlı yoqa müəllimi Qafar Qənizadənin proqramları, transformasiya oyunu "Lila", həmçinin musiqiçi Renatanın çıxışları festivalın yaradıcı və mənəvi atmosferinin formalaşmasına mühüm töhfə verib.

Festivalın açılış mərasimində çıxış edən "Nine Senses Art Center"in akademik direktoru Natalya Jukova bildirib ki, "Nine Senses" qədim biliklərlə müasir təcrübələrin qovuşduğu, insanın dayanıb özünü dinləyə bildiyi və daha şüurlu, harmonik həyata doğru addım atdığı bir məkandır:

"Müxtəlif ölkələrdən, mədəniyyətlərdən və ənənələrdən olan insanların Bakıda inkişaf, sağlamlıq və daxili yüksəliş ideyaları ətrafında bir araya gəlməsindən böyük məmnunluq duyuruq".

Natalya Jukovanın sözlərinə görə, festival bir daha göstərdi ki, mənəvi təcrübələrə, sağlam həyat tərzinə və daxili harmoniyaya maraq bu gün insanları yaşından, peşəsindən və mənsub olduğu mədəniyyətdən asılı olmayaraq birləşdirir.

Festivalın parlaq finalı Marat Niqmatulinin "SBUDETSYA!" proqramı və Çingiz Mustafayevin "STATE of SOUND" layihəsi ilə baş tutub. Festivalın ən emosional anlarından biri isə Özgür Baba və Çingiz Mustafayevin eyni səhnədə çıxış etməsi olub. İki fərqli mədəniyyətin səsini birləşdirən bu musiqili dialoq "Nine Senses Fest 2026"nın yaddaqalan yekun akkorduna çevrilib.

Təşkilatçılar festivalın həyata keçirilməsinə göstərdikləri dəstəyə görə tərəfdaşlara, sponsorlara, ekspertlərə, könüllülərə və bütün iştirakçılara təşəkkürlərini bildirirlər.

Festivalın baş tərəfdaşları "Sea Breeze Resort" və "The Club Port Baku" olub.

Festivalın həmtəşkilatçısı ANSA akademiyası olub.

Festivalın sponsorları sırasında "Azersun Holding", Bakı Tikiş Evi (BTE) və Azərbaycan Tekstil Assosiasiyası (ATA) yer alıb.

Tədbirin informasiya tərəfdaşları Media.az və Baku jurnalı, həmçinin yerli və beynəlxalq media nümayəndələri olublar.

"Nine Senses Fest 2026" bir daha regionun ən böyük beynəlxalq mənəvi və bədən təcrübələri festivallarından biri statusunu təsdiqləyərək, müxtəlif mədəniyyətləri, dünyagörüşlərini və ənənələri sağlamlıq, yaradıcılıq, daxili harmoniya və şüurlu həyat ideyaları ətrafında bir araya gətirib.

"Cebheinfo.az"