Onlar Hidayət Orucovu belə xatırlayırlar…
Xəbər verdiyimiz kimi, Azərbaycanın ictimai-siyasi, mədəni və diplomatik həyatında silinməz izlər qoymuş böyük şəxsiyyət, tanınmış dövlət xadimi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Orucov ömrünün 82-ci ilində dünyasını dəyişib.
Millət vəkilləri, tanınmış ziyalılar, ekspertlər və mətbuat nümayəndələri Hidayət Orucovun vəfatı ilə bağı kədərlərini ifadə edir, onunla bağlı xatirələrini sosial şəbəkələrdə bölüşürlər.
“Cebheinfo.az” belə xatirələrdən bəzilərini təqdim edir:
Sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:

“Ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim, əziz dostum Hidayət Orucovun ölüm xəbərini aldım və sarsıldım. İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim.
Universitetə eyni vaxtda qəbul olunmuş, bir il yataqxanada bir otaqda qalmışdıq. Sonra o, qiyabiyə dəyişilib İrəvana qayıtmış, qəzetdə işləmiş, uzun müddət İrəvan Azərbaycan teatrının direktoru olmuşdu. İrəvanda ondan ucaboylu adam yox idi.
Orada daim Azərbaycanın bir parçası kimi, mərdliklə, çinar qüruruyla yaşadı, yazdı, kitablar nəşr etdirdi, əsərləri tamaşaya qoyuldu. Bakıya köçdükdən sonra da dövlət müstəqilliyimizin bərpası və möhkəmlənməsi yolunda yorulmadan çalışdı; yüksək vəzifələrdə işlədi, fədakar, təmiz, xeyirxah bir insan kimi, millət aşiqi olan bir ziyalı kimi sevildi; diplomat fəaliyyətində Azərbaycan Respublikasını ləyaqətlə təmsil etdi.
Amma harada yaşasa da şeirləri daim darıxırdı-Meğri üçün, Zəngəzur və Qərbi Azərbaycan üçün… Onun əsərləri də, xatirəsi də daim yaşayacaqdır. Ruhu şad olsun…”
Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:

“Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikrinin tanınmış simalarından biri, Azərbaycan Respublikasının keçmiş dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, ölkəmizin Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuş görkəmli dövlət və ictimai xadim, Əməkdar incəsənət xadimi, şair-publisist Hidayət Orucovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Hidayət müəllim ömrünün müxtəlif mərhələlərində dövlət idarəçiliyində, milli siyasətin formalaşdırılmasında, mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təşviqində, ədəbiyyat və mədəniyyətimizin inkişafında mühüm xidmətlər göstərmiş aydınlardan idi.
Onun fəaliyyəti məsul dövlət vəzifələrindəki uğurları ilə yanaşı, həm də milli düşüncəyə, dövlətçilik ənənələrinə və mənəvi dəyərlərimizə bağlılığı ilə seçilmişdir.
Qərbi Azərbaycandan çıxmış aydınlar nəslinin görkəmli nümayəndələrindən olan Hidayət Orucov doğma yurd həsrətini, milli yaddaşı və tarixi həqiqətləri həm yaradıcılığında, həm də ictimai fəaliyyətində daim yaşatmışdır.
Onun zəngin bədii-publisistik irsi, ictimai mövqeyi və mənəvi bütövlüyü Azərbaycan cəmiyyətinin yaddaşında dərin iz buraxmışdır. Hidayət müəllim həm dövlət adamı, həm də söz adamı kimi hörmət qazanmış, müxtəlif nəsillər arasında mənəvi körpü rolunu oynamış şəxsiyyətlərdən biri olmuşdur.
Mərhumun ailəsinə, doğmalarına, yaxınlarına, onu sevənlərə və bütövlükdə Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan rəhmət diləyirəm”.
Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadlqov:

"Hidayət Orucovun vəfatı məni çox kədərləndirdi. 1992–1993-cü illərdə Hidayət müəllimlə bir yerdə işləmək imkanım olub. Onu yaxından tanıyan biri kimi deyə bilərəm ki, öz mövqeyi, davranışı və ünsiyyəti ilə yadda qalan insanlardan idi.
Mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirəm.
Ruhu şad, məkanı cənnət olsun!"
Ekspert Osman Gündüz:

“Tanınmış dövlət xadimi Hidayət Orucovun vəfat xəbəri məni çox kədərləndirdi. Düşünürdüm ki, bəlkə nə vaxtsa görüşüb, 35 il əvvəl yaşadığımız o gərgin dövrləri birlikdə xatırlayarıq. Bəlkə də çoxları Hidayət müəllimi ədəbi şəxsiyyət, daha çox yazıçı, publisist və ictimai xadim kimi tanıyır.
Mən isə onu ilk növbədə dövlət adamı, milli məsələlərdə prinsipial mövqeyi ilə seçilən bir şəxsiyyət kimi xatırlayıram.
1992-1993-cü illərdə mən Balakən Rayon İcra Hakimiyyətinin başçısı işləyərkən, Hidayət Orucov Prezident Aparatında millətlərarası münasibətlər məsələlərini kurasiya edir, Milli məsələlər üzrə Dövlət müşaviri olaraq fəaliyyət göstərirdi.
Həmin dövr ölkəmiz üçün son dərəcə mürəkkəb və həssas bir mərhələ idi. Milli münasibətlərdən sui-istifadə edərək gərginlik yaratmaqda maraqlı olanlar da vardı.
O illərdə Hidayət müəllimlə və rəhbərlik etdiyi xidmətlə tez-tez əlaqədə olur və fikir mübadiləsi aparırdıq. O, milli maraqlara söykənən dövlət siyasətinin həyata keçirilməsində həmişə prinsipial mövqe nümayiş etdirirdi. Milli həmrəyliyin, sabitliyin və dövlətçiliyin qorunmasına yönələn addımları dəstəkləyir, çətin məsələlərdə bizə arxa dururdu.
Hidayət müəllim hətta ən kritik məqamlarda belə prinsipial mövqeyindən geri çəkilmirdi. Gərginliyin artmasında maraqlı olan separatçı qrupların deyil, dövlətçilik maraqlarının və milli həmrəyliyin tərəfində dayanırdı.
Onun mövqeyi həmişə aydın idi, milli məsələlərdə hər hansı güzəştdən deyil, dövlət maraqlarından çıxış etmək lazımdır. Bu gün Hidayət müəllimi məhz dövlət maraqlarına sadiq, milli məsələlərdə prinsipial mövqeyi ilə seçilən bir şəxsiyyət kimi ehtiramla xatırlayıram.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!”
Jurnalist Ləman Ələşrəfqızı:

“Mərhum Hidayət Orucovla bu müsahibənin üstündən illər keçib. Ya 1999, ya da 2000-ci ildir. Onda Hidayət müəllim dövlət müşaviri idi. Mən və Mahir Mehdinin “Azadlıq” qəzetində bir layihəmiz vardı. O, ədəbiyyatdan, mən siyasətdən suallar verir və bu müsahibə qəzetin az qala üç nömrəsində çap olunurdu.
Baş nazirin müavini Elçindən, Vaqif Səmədoğludan və daha kimlərdən belə müsahibələr götürmüşdük. Hidayət Orucova verdiyimiz ilk sual da yadımdadır:
“Bir qara pencəyim var
düymələri tökülüb
dirsəkləri sökülüb” yazan şair bu gün dövlətin mühüm bir postunda özünü necə hiss edir?
Hidayət müəllim ürəkdən gülmüşdü, Mahir Mehdiyə demişdi ki, bu sənin işlərindir. Mahir isə “Müəllim, Ləman da mənim qədər ədəbiyyatı bilir”,- demişdi.
Ondan sonra Hidayət Orucova bir dəfə də doğulduğum kənddə baş verən müəmmalı yanğınlarla bağlı müraciət etdim. Detalları açmayacağam, amma söz verdi ki, mütləq maraqlanacaq və bu iş nəzarətə götürüləcək.
Çox illər sonra isə Hidayət müəllimlə bir qohumumuzun yas məclisində üz-üzə gəldik. Məni görüb doğması kimi qucaqladı. “Sən hara, bura hara?”,-dedi. Mən ağzımı açmamış “Ləman İsonun gəlinidir”,- dedilər. (Mərhum qayınatamın adı İsmayıl olub, İso deyiblər.) Təkrar bir də qucaqladı, “Qayınatan yaxşı kişi olub, səni də bu ailədə görmək məni sevindirdi”,- dedi. Onda artıq səfir idi, uzaqlardaydı.
Bu gün isə daha da uzaqlara getdi Hidayət müəllim. Məncə ədəbiyyat adamları siyasətlə məşğul olanda da saflağını, duruluğunu, sadəliyini qoruyub saxlaya bilir. Mən Hidayət Orucovu belə də xatırlayacağam: şeir kimi, dupduru, saf...
Yerin cənnət olsun, gözəl insan!”
Əməkdar jurnalist Fadil Paşayev:

“Görkəmli yazısı, ziyalı Hidayət Orucovla xatirələrim çoxdur. Onunla Orta Asiyada işlədiyim dövrlərdə çox görüşmüşəm. AzTV-nin Orta Asiya ölkələri üzrə bürosunda işləyəndə kişi ilə mütamadi ünsiyyətimiz yaranmışdı.
Həmin illərdə Hidayət müəllim ölkəmizin Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri işləyirdi. Sözün qısası, mənə çox yaxşılıqlar edib. Amma onun bir insan kimi ən dəyərli xüsusiyyəti diqqətcil olması və işıqlı şəxsiyyəti ilə bağlıdır. "Burdan min atlı keçdi" əsərini Hidayət müəllimin özü ilə müzakirə etmək xoşbəxtliyim də olub.
Onun haqqın dərgahına qovuşması xəbərini hazırlayanda nədənsə Bulqakovun "Master və Marqarita" əsərində Korovyevlə Begemotun bir səhnəsi yadıma düşdü. Deməli, hər ikisi də Yazıçılar Birliyinin yerləşdiyi Qriboyedov binasına daxil olmaq istəyir.
Qapıçı qadın onlardan yazıçı olduqlarını təsdiqləyən vəsiqə tələb edir. Korovyev istehza ilə soruşur ki, yazıçı olduğunu sübut edən vəsiqə mütləqdirmi? Məsələn, Fyodor Dostoyevski gəlsəydi, ondan da vəsiqə istəyərdiniz? Qadın isə cavab verir ki, Dostoyevski ölüb. Begemot qəfildən qışqırır: "Etiraz edirəm! Dostoyevski ölməyib, Dostoyevski ölümsüzdür!"
Bəli, Hidayət Orucov da ədəbiyyat tariximizdə bizim üçün ölümsüz bir imzadır. O ölməyib, qəlbimizdə daim yaşayacaq”.
Xəzər
“Cebheinfo.az”


