Bu şəxslər ölkədən çıxa bilməz

Bu şəxslər ölkədən çıxa bilməz

Azərbaycanda vətəndaşların ölkədən çıxış hüququ qanunvericilikdə nəzərdə tutulan hallarda müvvəqəti məhdudlaşdırıla bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, Milli Məclisdə müzakirə olunan son dəyişikliklərə əsasən, gömrük borcunu ödəməyən şəxslərin də ölkədən çıxışına qadağa qoyulması mümkün olacaq. 

Layihəyə əsasən, gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur.

Sənədə görə, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir. 

Belə ki, qurum fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək.

Qeyd edək ki, ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin siyahısı bununla məhdudlaşmır.

Hazırda qanunvericiliyə əsasən aşağıdakı şəxslər barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tətbiq oluna bilər:

- Barəsində cinayət işi aparılan, təqsirləndirilən və ya məhkum olunmuş şəxslər;

- Məhkəmə qərarını icra etməyən və icra sənədləri üzrə borclu hesab edilən şəxslər;

- Aliment borcunu uzun müddət ödəməyən şəxslər;

- Vergi borclarını ödəməkdən yayınan şəxslər;

- İqtisadi və maliyyə öhdəliklərini yerinə yetirməyən bəzi sahibkarlar və şirkət rəhbərləri;

- Dövlət sirri ilə işləyən şəxslər barədə qanunvericilikdə nəzərdə tutulan xüsusi hallar;

- Hərbi xidmətlə bağlı öhdəliklərdən yayınan şəxslər haqqında qanunda nəzərdə tutulan hallar.

Qanunvericilikdə ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız müəyyən hüquqi və maliyyə öhdəliklərinin yerinə yetirilməməsi hallarında tətbiq edilir və bu mexanizm dövlət qarşısında öhdəliklərin icrasını təmin etməyə yönəlib.

Gülər Həsənli
“Cebheinfo.az”