Bu məhsulların ölkəyə idxalı azalıb - SİYAHI
Azərbaycanın idxal əməliyyatlarında əsas məhsul qrupları üzrə nəzərəçarpan azalma baş verib.
Modern.az rəsmi statistikaya istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında minik avtomobillərinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari qiymətlərlə 38,1 faiz azalaraq 18 287 ədəd təşkil edib. Bu satınalmaların ümumi dəyəri 341 249,0 min dollar olub. Hesabat dövründə 105 357,4 min dollar dəyərində 125 507,5 ton polad prokatı, həmçinin 57 477,0 min dollar dəyərində 9 076,9 ton kərə yağı və digər süd yağları idxal edilib. Bu göstəricilər ötən illə müqayisədə müvafiq olaraq 10,4 faiz və 12,1 faiz azalma deməkdir.
Bununla yanaşı, şokolad və şokolad məhsulları, ayaqqabılar, rezin şinlər, kartof, çay, yük avtomobilləri, mebellər, məişət kondisionerləri və qara metallardan çubuqların idxalında da geriləmə qeydə alınıb. İdxal əməliyyatlarında ən kəskin azalma isə qızıl alışında müşahidə olunub. Belə ki, işlənməmiş və ya yarımişlənmiş qızılın idxalı cari qiymətlərlə 99,4 faiz azalaraq cəmi 89,2 kiloqram olub ki, bu məhsulun da ümumi dəyəri 14 904,8 min dollar təşkil edib.
"Cebheinfo.az"

