Təhlükə böyüyür: Ölənlərin sayı 200-ü keçdi
Konqo Demokratik Respublikasının (KDR) şərqində may ayında elan edilən Ebola epidemiyasında həyatını itirənlərin sayı 200-ü keçib.
Bunu Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) bildirib.
"Cebheinfo.az" xəbər verir ki, 15 may tarixindən etibarən təsdiqlənən yoluxma sayı 875-ə yüksəlib. Bunlardan 202-si ölümlə nəticələnib və ölüm faizi 23 faiz təşkil edib.
Açıqlamada bildirilib ki, KDR-nin şərqində yerləşən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılan epidemiyada yoluxmaların təxminən 95 faizi İturi bölgəsində qeydə alınıb. Həmçinin qonşu Uqandada da 2-si ölümlə nəticələnən 19 Ebola yoluxması təsdiqlənib.
Yoluxmaların daha sürətli aşkarlanması məqsədilə test imkanları genişləndirilib və rəqəmsal müşahidə sistemləri gücləndirilib. KDR və Uqandada Ebola ilə mübarizə tədbirlərinə dəstək üçün donorlar və tərəfdaşlar tərəfindən ümumilikdə 910 milyon dollar vəsait ayrılması öhdəliyi götürülüb.
Açıqlamada vurğulanıb ki, sözügedən maliyyə öhdəlikləri Afrika liderləri və beynəlxalq tərəfdaşların iştirak etdiyi toplantıda elan olunub. Bu məbləğə Afrika Birliyinə üzv ölkələrin 100 milyon dollarlıq hədəf çərçivəsində vəd etdiyi 80 milyon dollar da daxildir.
Bundan əlavə, KDR-nin milli müdaxilə planı üçün 50 milyon dollar, Uqandanın isə ilkin maliyyələşmə üçün 5 milyon dollar ayrılıb.
Africa CDC-nin Baş direktoru Jan Kaseya xəbərdarlıq edib ki, virus qısa müddətdə nəzarət altına alınmasa, mövcud epidemiya 2014-2016-cı illərdə Qvineya, Liberiya və Sierra-Leonedə 11 mindən çox insanın ölümünə səbəb olan Qərbi Afrika Ebola epidemiyasından daha ağır nəticələr doğura bilər.
Bu arada, KDR-nin səhiyyə naziri Samuel Rocer Kamba epidemiya ilə mübarizədə əldə olunan irəliləyişləri, qarşıya çıxan çətinlikləri və xəstəliyin nəzarətə alınmasını sürətləndirmək üçün yeni strategiyaları qiymətləndirmək məqsədilə İturi əyalətinin paytaxtı Buniya şəhərinə səfər edib.
Nigar Hacılı
"Cebheinfo.az"

