Yumurta havayı verilir: Kəskin ucuzlaşmanın səbəbləri açıqlandı

Yumurta havayı verilir: Kəskin ucuzlaşmanın səbəbləri açıqlandı

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb. 

Son günlərədək 1 ədədi 17–18 qəpiyə təklif edilən yumurta marketlərdə 3–4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var. 

Bəs yumurtanın kəskin ucuzlaşmasına səbəb nədir?

“Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” (APEPEA) İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, yumurtanın qiymətinin enməsi bir neçə amillə bağlıdır: 

“Burada əsas amillərdən biri mövsümidir. Yay aylarında temperaturun yüksəlməsi və gün işığının artması yumurtlayan toyuqların məhsuldarlığını artırır. Nəticədə bazara daha çox yumurta çıxır və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur. 

İkinci amil isə istehsalın artmasıdır. Son illərdə yeni quşçuluq təsərrüfatlarının fəaliyyətə başlaması, mövcud müəssisələrin istehsalı artırması bazarda təklifi yüksəldir. Təklif tələbi üstələdikdə isə qiymətlər enir”. 

Üçüncü səbəb isə son dövrlərdə ixracın zəifləməsidir: 

“Xarici bazarlara satışın azalması və ya müəyyən ölkələrdə məhdudiyyətlərin yaranması məhsulun daxili bazarda qalmasına səbəb olub. Bu hal da qiymətlərə təzyiq göstərir. Dördüncü səbəb isə tələbatın azalmasıdır. Yay mövsümündə bəzi dövrlərdə yumurta istehlakı nisbətən azalır. 

Məktəblərin və bəzi iaşə müəssisələrinin fəaliyyəti də mövsümlə əlaqədar olaraq dayanmasının buna təsiri var. Adətən qiymət enməsi may ayının sonu–iyun ayından başlayır. Bu il isə bazarda istehsalın yüksək olması səbəbindən ucuzlaşma daha kəskin hiss olunur”. 

O bildirib ki, son illərdə dövlətin dəstəyi nəticəsində tələbatdan artıq yumurta istehsalı var: 

“Bu artıq istehsal bir neçə ildir ki, davam edir. Nəticədə yumurta qiymətlərində hər hansı ciddi artım olmur. Eyni zamandaŞ xaricə ixrac da həyata keçirilir və hazırda da ixrac davam edir”.

M. Həsənli qeyd edir ki, yaxın vaxtlarda ixrac həcmləri də arta bilər:

“Bazarın dəyişməz qanunudur ki, təklif tələbdən artıq olanda qiymətlər enir və son illərdə yumurta qiymətləri ilə bağlı bir neçə dəfə belə hallara şahid olmuşuq”. 

Aişə Abdulova 
“Cebheinfo.az”