Yumurta 1 qəpiyə satılır: Bazarda nə baş verir?
Son günlər marketlərdə yumurta qiymətlərində qeyri-adi ucuzlaşma müşahidə olunur.
Bəzi satış nöqtələrində yumurtanın qiymətinin 1 qəpiyə qədər enməsi alıcılar arasında həm maraq, həm də müəyyən şübhələr yaradıb. Adətən sabit qiymətə, 15-17 qəpiyə satılan bu məhsulun qısa müddətdə belə kəskin ucuzlaşması gündəlik bazar dinamikasında nadir hallardan biri kimi qiymətləndirilir.
Bu vəziyyət isə istehlakçılar arasında müxtəlif ehtimalları gündəmə gətirir. Maraqlıdır ki, qiymətlərin bu qədər enməsi həqiqətən bazarda real təklif-tələb balansının nəticəsidirmi, yoxsa satışda olan yumurtaların keyfiyyəti ilə bağlı şübhələlər var?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, yumurtanın qiymətinin bu qədər enməsinə əsas səbəb ixracatın dayanması ola bilər:

“İxrac dayananda daxili bazarda bolluq yaranır və qiymət düşür. Yumurta da yay aylarında tez xaraq olan bir məhsuldur, onu uzun zaman saxlamaq olmur.
Qiymət enməsi də çox güman ki, bununla əlaqəlidir və bunun davamlı şəkildə olacağını düşünmürəm. Bu istehsalçılara çox böyük ziyan gətirər”.
Ekspert bildirib ki, bir məhsulun həddindən artıq ucuz olması heç də yaxşı deyil:
“Bunun fəsadları uzunmüddətli ola bilər. Şirkətlər sıradan çıxsa, məhz yumurtada bir müddət sonra çox ciddi bahalığın astanasında ola bilərik”.
Aişə Abdulova
“Cebheinfo.az”

