Trampın canlı yayım görüntüləri GÜNDƏM OLDU
ABŞ Prezidenti Donald Trampın Oval Ofisdə canlı yayım zamanı yuxulaması ilə bağlı görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə "Fox News" kanalının yayımı zamanı baş verib. Tramp kömür mədənlərinə yatırımların təqdimatı ilə bağlı çıxış edərkən gözlərinin yumulduğu görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilərin diqqətini cəlb edib.
Videoda 79 yaşlı Prezidentin oturduğu kresloda bir qədər yana əyildiyi və gözlərini açıq saxlamağa çalışdığı görünür. Dörd milyondan çox baxış toplayan paylaşımda Trampın canlı yayım zamanı tamamilə yuxuya getdiyi iddia olunub.
Ağ Evin Sürətli Reaksiya hesabı yayılan iddialara sərt cavab verib. Rəsmi paylaşımda videoda Trampın gözlərinin açıq olduğu vurğulanaraq ittihamlar rədd edilib.
Bu reaksiyanın prezidentin ictimaiyyət qarşısında yuxulaması ilə bağlı iddialara qarşı Ağ Ev komandasının nə qədər həssas yanaşdığını göstərdiyi qeyd olunur.
Ağ Evin sözçüsü Devis İnql də jurnalistlərə açıqlamasında iddiaları tamamilə təkzib edib.
“Prezident Tramp ABŞ tarixinin ən iti zəkalı və ən enerjili prezidentidir”, – deyə İnql bildirib.
Məsələ ABŞ Konqresində də gündəmə gəlib. Demokrat konqresmen Ted Lyu dövlət katibi Marko Rubiyoya Trampın yuxuladığı iddia olunan videoları nümayiş etdirib.
Rubio isə ittihamları rədd edərək bildirib: “Onun yatdığını heç vaxt görməmişəm. Əksinə, bu adam demək olar ki, heç yatmır”.
Son həftələrdə Ağ Ev prezidentin sağlamlıq vəziyyəti ilə bağlı yayılan iddiaları təkzib etməyə çalışır.
Bununla belə, 79 yaşlı prezidentin səhhəti ilə bağlı müzakirələr səngimək bilmir. İctimai tədbirlər zamanı müşahidə olunan yorğunluq əlamətləri, əllərindəki göyərmələr və ayaq biləklərindəki şişkinliklər diqqət çəkən məqamlar arasında göstərilir.
Bundan başqa, Trampın mütəmadi olaraq Walter Reed Milli Hərbi Tibb Mərkəzinə etdiyi səfərlər də müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub.
Prezident isə bu narahatlıqları əhəmiyyətsiz göstərməyə çalışır. O, yuxuya getdiyi ilə bağlı iddiaların şişirdildiyini bildirərək, bəzi kabinet iclaslarının sadəcə “çox darıxdırıcı” olduğunu deyib.
Nigar Hacılı
"Cebheinfo.az"


