Azərbaycanda birotaqlı evlər niyə daha çox və baha satılır?

Azərbaycanda birotaqlı evlər niyə daha çox və baha satılır?

Azərbaycanda mənzil bazarında ən çox tələb görən yaşayış sahələrindən biri bir otaqdan ibarət mənzillərdiir. 

Vaxtilə gənc ailələr və ilk dəfə ev sahibi olmaq istəyənlər üçün nisbətən əlçatan seçim sayılan bu mənzillərin qiymətləri son illərdə kəskin şəkildə artıb. 

Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, qiymətlər yüksəlsə də, bir çox hallarda bu mənzillərin sahəsi və ümumi yaşayış şəraiti həmin dəyərə uyğun gəlmir. 

Maraqlıdır ki, dünyanın bir çox ölkələrində belə mənzillər daha çox “1+1” formatında təqdim olunsa da, Azərbaycanda hələ də “birotaqlı” anlayışı geniş yayılıb. Bu məzillərə bazarda tələbat yüksək olsa da, qiymət–keyfiyyət nisbəti müzakirə mövzusuna çevrilib. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, birotaqlı mənzillərin tez satılmasının əsas səbəblərindən biri də onların artıq müəyyən mənada biznes və investisiya xarakteri daşımasıdır: 

“Birotaqlı mənzillərin satışa çıxarıldıqdan sonra qısa müddətdə satılması onların likvidliyinin yüksək olması və bu tip mənzillərə tələbatın böyük olması ilə bağlıdır. Bunun əsas səbəbi birotaqlı mənzillərin iki, üç və ya dördotaqlı mənzillərlə müqayisədə daha aşağı məbləğə başa gəlməsidir. 

Bu da onları ailə büdcəsinə daha uyğun edir. Bundan əlavə, kirayə mənzil axtaran vətəndaşlar arasında da birotaqlı, xüsusilə də sonradan 1+1 formatına çevrilmiş mənzillərə üstünlük verilir. Belə mənzillərdə daxili planlama dəyişdirilərək mətbəx ikinci otaq funksiyasını yerinə yetirir, mətbəx isə eyvana və ya studiya tipli ümumi sahəyə köçürülür. 

Bu dizayna malik mənzillər kirayəçilər tərəfindən daha çox tələb olunur. Birotaqlı mənzillərin tez satılmasının əsas səbəblərindən biri də onların artıq müəyyən mənada biznes və investisiya xarakteri daşımasıdır. 

İnvestisiya qoyuluşu edən vətəndaşlar və sahibkarlar bazardakı yüksək tələbatı nəzərə alaraq daha çox bu tip mənzillərə üstünlük verirlər. Birotaqlı mənzillər həm kirayə bazarı üçün əlverişlidir, həm də sonradan daha rahat və daha yüksək qiymətə satıla bilir. Həm kirayə, həm də satış baxımından bu mənzillər yüksək likvidliyə malikdir”. 

Onun sözlərinə görə, ümumi satış məbləği digər mənzil növlərindən aşağı olsa da, birotaqlı mənzillərin bir kvadratmetrinin qiyməti daha yüksək olur:

“Mövcud tələb səbəbindən birotaqlı mənzillərlə iki, üç və dördotaqlı mənzillərin hər kvadratmetri arasında orta hesabla 300-500 manat, faiz ifadəsində isə təxminən 10-15 faiz fərq müşahidə edilir. 

Bu da onların yüksək likvidliyi ilə əlaqədardır. Həm gənc ailələr, həm də tək yaşayan şəxslər mənzil alarkən daha çox birotaqlı mənzillərə üstünlük verirlər. Gənc ailələr sonradan ailə üzvlərinin sayı artdıqca, daha böyük mənzillərə keçsələr də, ilk seçim kimi adətən birotaqlı mənzilləri seçirlər. 

Hazırda bazarda bu mənzillər yüksək likvidliyə görə daha baha təklif olunur və investisiya aləti kimi qiymətləndirilir. Yeni binaların tikintisi zamanı, hətta bəzi hallarda bina hələ təməl və ya kotlavan mərhələsində olarkən birotaqlı mənzillərin təxminən 90% satılmış olur. 

Buna görə də tikinti şirkətləri layihələrində birotaqlı mənzillərin sayının çox olmasında maraqlıdırlar. Çünki iki və ya üçotaqlı mənzilləri satmaq birotaqlı mənzillərlə müqayisədə daha çətin olur”. 

O qeyd edib ki, birotaqlı mənzillərə olan yüksək tələbat hələ də davam edən tendensiyadır: 

“Mənzil probleminin tam həll olunmaması, sosial layihələrin əhatə dairəsinin məhdud olması, ipoteka və digər maliyyələşdirmə mexanizmlərinin bütün vətəndaşları əhatə etməməsi, eləcə də mənzil almaq üçün yüksək ailə büdcəsinin tələb olunması bu tendensiyanın yaxın dövrdə davam edəcəyini göstərir. 

Azərbaycan iqtisadi cəhətdən inkişaf edən dövlətdir. Əgər iqtisadi inkişaf dövlət proqramlarında nəzərdə tutulduğu kimi davam edərsə, vətəndaşların maddi rifahı yüksələrsə və sərbəst kapital həcmi artarsa, gələcəkdə daha çox insan daha geniş sahəyə malik mənzillər almağa üstünlük verə bilər. Lakin hazırda bazarda ən çox tələb görən mənzillər birotaqlı və ya sonradan 1+1 formatına çevrilmiş yeni tikili mənzillərdir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”