Rusiya İrəvan üçün “qollarını çırmalayıb”

Rusiya İrəvan üçün “qollarını çırmalayıb”

Ermənistanda növbəti seçkilər yaxınlaşdıqca, ölkədaxili siyasi mübarizə daha da kəskinləşir. 

Hakimiyyətlə müxalifət arasında qarşıdurma, küçə etirazları və siyasi ittihamlar seçki prosesinin sabit keçib-keçməyəcəyi ilə bağlı sualları artırır. Bəzi müşahidəçilər hesab edirlər ki, seçkilərin nəticələri ilə bağlı narazılıqlar və ya siyasi böhranın dərinləşməsi ölkədə növbəti hakimiyyət dəyişikliyi cəhdlərinə, hətta çevriliş riskinə yol aça bilər. 

Ermənistanda hazırkı siyasi vəziyyət nə dərəcədə sabitdir? Seçkilər ölkədə yeni siyasi çevrilişə səbəb ola bilərmi və müxtəlif siyasi qüvvələrin qarşıdurması regiona hansı təsirləri göstərə bilər? 

Mövzu ilə bağlı "Cümhuriyyət" qəzetinin suallarını cavablandıran rusiyalı politoloq Boqdan Bezpalko bildirib ki, nəzəri baxımdan qarşıdakı seçkilər və hakimiyyətlə müxalifət arasında davam edən qarşıdurma Ermənistanın daxili siyasi vəziyyətinə müəyyən təsir göstərə bilər. 

B. Bezpalkonun sözlərinə görə, bunun vətəndaş müharibəsinə və ya genişmiqyaslı qarşıdurmaya çevrilməsi üçün hazırda ilkin və real şərtlər müşahidə olunmur: "Böyük ehtimalla baş nazir Nikol Paşinyan yenidən seçiləcək". Politoloq əlavə edib ki, Ermənistanın indiki Rusiyadan uzaqlaşma siyasəti davam edəcək:

“Müvafiq olaraq, Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq edəcək. Onu Avrasiya İqtisadi İttifaqının tərkibində olarkən əldə etdiyi üstünlüklərdən məhrum edəcək. 

Ermənistanın Baş naziri isə bu imtiyazları mümkün qədər uzun müddət saxlamağa çalışacaq və buna uyğun olaraq o, daha sonra ölkəsini başqa siyasi bloka istiqamətləndirərək Qərbə doğru istiqamət götürəcək”. 

B. Bezpalko sonda əlavə edib: 

"Bu, şübhəsiz ki, ermənilərin həyat səviyyəsinin aşağı düşməsinə, yerli istehsalda itkilərə, qiymət artımına gətirib çıxaracaq. Biz bütün bunları Ukraynada artıq görmüşük. 

Amma bu, Ermənistan rəhbərliyinin dayanacağı anlamına gəlmir, təkcə Ermənistan rəhbərliyi deyil, həm də erməni cəmiyyətinin də. Deməli, Ermənistan burada müəyyən təlatümlərlə üzləşə bilər, lakin bunlar gələcəkdə olacaq və onların iyunun 7-nə təyin olunmuş seçkilərlə əlaqəsi yoxdur". 

Dəniz Pənahova
"Cebheinfo.az"