Putin: “Ermənistanın hərəkətinə görə məətəl qaldıq”

Putin: “Ermənistanın hərəkətinə görə məətəl qaldıq”

“Ermənistanın Avropa Birliyinə daxil olması ilə bağlı qanunun qəbul edilməsi Rusiyada narahatlıq yaradıb”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə görüşündə belə deyib. “Əlbəttə, biz buna məətəl qaldıq. Qanun qəbul edilərsə, artıq bu, sadəcə danışıq deyil, qanundur. 

Biz erməni həmkarlarımızdan hansı istiqamətdə hərəkət edəcəklərinə dair mümkün qədər tez qərar vermələrini xahiş etdik”,-deyə Putin əlavə edib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın hazırkı siyasi rəhbərliyi ölkənin suverenliyini və iqtisadi inkişafını gücləndirmək üçün açıq şəkildə Qərb və Avropa standartlarına meyl edir. 

O deyib ki, suveren dövlət üçün tərəfdaş seçməkdə qeyri-adi bir şey yoxdur. Lakin müəyyən qanunvericilik qərarlarının qəbul edilməsi respublikanın Avrasiya İqtisadi Birliyindəki müttəfiqləri arasında suallar doğurur. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəllər dəfələrlə ölkənin Aİ-yə qoşulmaq istəyini bildirib. Fevral ayında Ermənistan parlamenti müvafiq qanun layihəsini birinci oxunuşda qəbul edib. 

Putin eyni vaxtda Aİ və Aİİ-yə üzvlüyün mümkün olmadığını qeyd edərək Ermənistanı bu məsələ ilə bağlı referendum keçirməyə çağırıb. Rusiya Prezidenti xatırladıb ki, Ermənistan Aİİ-dən çıxsa, bu ölkənin Rusiya Federasiyasında yaşayan vətəndaşları bir sıra imkanlardan məhrum olacaq. Nəticədə, Ermənistanın ümumi daxili məhsulu 14 faiz azalacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”