Azərbaycan mədəni irsi Qubada təbliğ olunub
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Quba rayonunun Birinci Nügədi kəndində tədbir təşkil olunub.
Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Quba rayonunun Birinci Nügədi, İkinci Nügədi, Amsar, Səbətlər, Rustov, Pirvahid kəndlərində və Quba şəhərində yaşayan və təhsil alan 54 nəfər yeniyetmə və gənc müəllim 9 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.
Rəsmi hissədə çıxış edən Quba rayonu Birinci Nügədi kənd Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Hüseynova bu kimi tədbirlərin yeniyetmə və gənclər arasında təşkil olunmasının onlarda vətənə bağlılıq hislərinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsinə müsbət təsir etdiyini bildiriblər.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını İkinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərindən ibarət “İnvictus” komandası qazanıb. Səbətlər kəndinin “Assassins Creed” və İkinci Nügədi kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin “Ümid” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində bu günə qədər Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 254 nəfər yeniyetmə və gənc iştirak edib. Layihə çərçivəsində Quba rayonunun Digah kənd zonasında da seçim turunun keçirilməsi planlaşdırılıb.
"Cebheinfo.az"


