İnfantino DÇ-2026-nın yeni qaydalarını açıqladı
FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında matçöncəsi mərasimlərin yenilənəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu yenilik tamaşaçılıq səviyyəsini artırmaq və azarkeşləri daha çox cəlb etmək məqsədi daşıyır.
Hər oyundan əvvəl iştirak ərizəsinə daxil edilən futbolçuların hamısı meydana çıxaraq dövlət himnləri səsləndirilərkən mərkəzi bannerin ətrafında toplaşacaq. Turnirin irəliləyən mərhələlərində isə bu rəngarəng mərasim rəngli tüstü və pirotexnika kimi xüsusi effektlərlə daha da yaddaqalan olacaq.
"Dünya çempionatı inkişaf etdikcə, biz oyundan zövq almağın yollarına innovasiyalar tətbiq etməyə davam edirik. Bütün oyunçuların və hakimlərin dövlət himnləri səslənərkən mərkəzi dairədə üz-üzə dayanması komandalara və stadiondakı hər kəsə aid olan birlik, qürur və duyğu anı yaradacaq. Dünya çempionatı hər bir oyunçu və azarkeş üçün böyük bir bayramdır və bu yeni matçöncəsi mərasim məhz bunu əks etdirir", - deyə İnfantino qeyd edib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək və ilk dəfə olaraq 48 milli komandanı bir araya gətirəcək.
"Cebheinfo.az"


