5 300 illik mumiyadan çıxan maya ilə çörək bişirdilər
Alimlər Alp dağlarında tapılan və təxminən 5 300 il yaşı olan məşhur “buz adamı” Ötzinin bədənində aşkarlanan canlı maya nümunələrini laboratoriyada çoxaldaraq mayalı çörək hazırlayıblar.
“Cebheinfo.az” xəbər verir ki, 1991-ci ildə Almaniyadan olan turistlər tərəfindən Avstriya-İtaliya sərhədində aşkar edilən Ötzinin üzərindəki mayalar İtaliyanın “Eurac Research” qrupu tərəfindən araşdırılıb.
Mis dövründən günümüzə qədər ən yaxşı qorunub saxlanılan insan qalıqlarından biri hesab edilən Ötzinin dərisində, mədəsində və digər daxili toxumalarında müxtəlif mikroorqanizmlər müəyyən edilib. Onların arasında soyuq iqlim şəraitinə uyğunlaşmış maya növləri də olub.
Tədqiqatçılar bu mayalardan istifadə edərək çörək xəmiri hazırlamağa çalışıblar. İlk sınaqlarda maya un mühitinə uyğunlaşa bilmədiyi üçün nəticə əldə olunmayıb. Lakin müntəzəm qidalandırıldıqdan sonra maya inkişaf edib və təxminən 24 saat ərzində normal şəkildə qabaran xəmir əldə olunub.
Alimlərin sözlərinə görə, əldə edilən xəmir gözləniləndən daha uğurlu olub. Onlar hesab edirlər ki, qədim mayaların soyuq şəraitə davamlılıq kimi qeyri-adi xüsusiyyətləri gələcəkdə qida sənayesi və biotexnologiya sahəsində yeni imkanlar yarada bilər.
Hazırda Ötzi İtaliyadakı arxeologiya muzeyində xüsusi hazırlanmış kamerada mənfi 6 dərəcə temperaturda qorunur.
Araşdırmalara görə, ovçu və ya döyüşçü olduğu ehtimal edilən Ötzi həyatını itirəndə 46 yaşında olub.
Onun boyu 159 santimetr idi, artrit xəstəliyindən əziyyət çəkirdi və bədənində 61 döymə vardı. Son qidasının isə maral və dağ keçisi əti olduğu müəyyən edilib.
Bu tədqiqat qədim mikroorqanizmlərin müasir qida istehsalında istifadəsinin mümkünlüyünə qapı açdı.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


