Yazda ən çox yayılan viruslar və onların orqanizmə təsiri
Respirator viruslar tənəffüs yollarını zədələyən və əsasən, hava-damcı yolu ilə yayılan infeksion törədicilərdir.
Bu viruslar mövsüm keçidlərində, o cümlədən yaz aylarında daha aktiv olur. Ən çox yayılan növləri - rinovirus (adi soyuqdəymə), adenovirus (tənəffüs yolları, göz, bağırsağa düşən virus) və parainfluenza (uşaqlardakı qrip) virusudur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, virusların ilkin simptomları barədə məlumat verən Yeni Klinikanın həkim-infeksionisti Səxavət Xəlilli aşağıdakı hallar müşahidə olunduqda profilaktik tədbirlərin görülməsini vacib hesab edir.
"Bu viruslar zamanı burunun tutulması, axması, asqırma, öskürmə, boğazda yanma, qıcıqlanma, 37.5°C-ni keçməyən subfebril temperatur, halsızlıq, əzələ-oynaq ağrıları, baş ağrısı və yüksələn temperatur müşahidə edilir. Əlamətlərin müşahidə olunduğu ilk günlərdən bol maye qəbul etmək, yuxu rejiminin normal olması, mövsümə uyğun qidalanma və istirahətə diqqət etmək lazımdır.
Antipiretik/analgetik, antihistamin, lokal analgetik təsiri olan pastillər və ya sprey də istifadə oluna bilər. 3 gündən çox davam edən 38°C-ni keçən temperatur, normallaşıb yenidən yüksələn temperatur halları müşahidə olunursa, sinədə ağrı, təngnəfəslik, kəskin halsızlıq, susuzluq varsa, bundan başqa, risk qrupuna daxil olan 5 yaşından kiçik uşaqların, 65 yaşdan yuxarı şəxslərin, hamilələrin, xroniki xəstəlikləri olan şəxslərin həkimə müraciət etmələri tövsiyə olunur”.
Lökbatan Tibb Mərkəzinin həkim-pediatrı Aytən Bəşirovanın sözlərinə görə isə, yaz aylarında bu virusların aktivləşməsinin səbəbləri var:
"Dəyişkən hava şəraiti bəzi virusların, məsələn, adenovirusun müəyyən temperatur və rütubət şəraitində daha dayanıqlı olmasına səbəb olur. Bu viruslar hava-damcı yolu ilə, çirklənmiş su (məsələn, hovuz), həmçinin virusun saatlarla qala bildiyi çirklənmiş səthlərlə təmas nəticəsində, xüsusilə də gigiyena qaydalarına əməl edilmədikdə yayılır".
Respirator viruslar, əsasən, yuxarı və aşağı tənəffüs yollarına təsir göstərir, bəzi hallarda digər orqanlara da yayıla bilir:
"Məsələn, adi soyuqdəymə (rinovirus) orta qulaq iltihabı (otit) və sinüzit kimi ikincili ağırlaşmalara səbəb ola bilər. Xüsusilə, astma xəstələrində tənəffüs yollarının həssaslığını artıraraq ciddi astma tutmalarına zəmin yaradır. Eyni zamanda adenovirus digərlərinə nisbətən daha çox orqana təsir edə bilir.
Tənəffüs sistemi, gözlər və mədə-bağırsaq sisteminə və sair. İmmuniteti zəif olan şəxslərdə qaraciyər, ürək və beyin iltihabı kimi həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər. Bu səbəbdən də hər zaman ehtiyatlı olmaq lazımdır".
Pediatr onu da qeyd etdi ki, viruslar daha çox 6 ay - 3 yaş arası olan uşaqlarda yayılır, çünki onların qırtlaq quruluşu dar olduğundan virusun yaratdığı şişkinlik həyati təhlükəli tənəffüs çətinliyinə səbəb ola bilər. Həkimlər bildirirlər ki, həkim müayinəsindən keçmədən “tez sağalmaq” üçün bir çox dərmanı qarışdırmaq və antibiotiklərdən istifadə etmək yolverilməzdir.
Gülər
"Cebheinfo.az"


