ABŞ İrana nüvə proqramı ilə bağlı yazılı təklif göndərib

ABŞ İrana nüvə proqramı ilə bağlı yazılı təklif göndərib

Mayın 11-də İran nümayəndə heyəti ilə danışıqların sonuncu raundu zamanı ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün ABŞ-nin ilk yazılı təklifini İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçıya təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı danışıqların gedişi ilə tanış olan üç mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, aprelin 12-də keçirilən danışıqların birinci raundu zamanı Əraqçı Tehranın ilk yazılı təklifini ABŞ tərəfinə təqdim edib. Bununla belə, Uitkoff konkret həll ilə bağlı layihənin vaxtının hələ gəlmədiyini əsas gətirərək bunu rədd edib. Aprelin 26-da keçirilən danışıqların üçüncü raundunda İran tərəfi yenidən ABŞ nümayəndə heyətinə yazılı təklif təqdim etmiş, bu dəfə Uitkoff bunu qəbul etmiş, bundan sonra ABŞ tərəfi sənədə suallar və dəqiqləşdirmələr siyahısını göndərmişdi. Buna cavab olaraq İran nümayəndə heyəti öz suallar siyahısını təqdim edib.

Məlumata görə, indi ABŞ-dən ilk rəsmi yazılı təklif Əraqçı tərəfindən qəbul edilib və İranın Ali Rəhbəri Əli Xamenei və ölkə Prezidenti Məsud Pezeşkian tərəfindən baxılmaq üçün Tehrana göndərilib. ABŞ-nin sənədi Vaşinqtonun İranın mülki nüvə proqramının gələcəyi ilə bağlı baxışını, onun üstünlük verdiyi parametrləri və onun həyata keçirilməsinə monitorinq və nəzarət tələblərini əks etdirir.

"Cebheinfo.az"