“Alibaba”-nın səhmləri ucuzlaşdı - SƏBƏB

Çinin internet ticarət nəhəngi “Alibaba Group” bu həftə paylaşdığı maliyyə hesabatında "The Wall Street" analitiklərinin proqnozlarından bir qədər az gəlir əldə etdiyini açıqlayıb.
Şirkət bildirir ki, iqtisadi durğunluq şəraitində insanları alış-verişə təşviq etmək üçün yeni yollar axtarır.
"Cebheinfo.az" xəbər verir ki, bu açıqlamadan sonra şirkətin ABŞ birjalarında olan səhmləri 4 %-dən çox ucuzlaşıb.
Maraqlıdır ki, ilin əvvəlindən bu yana "Alibaba"-nın səhmləri təxminən 58 % bahalaşmışdı.
Qeyd edək ki, Çin iqtisadiyyatındakı yüksək işsizlik səviyyəsi və uzun müddətdir davam edən iqtisadi çətinlik istehlakçıların xərcləmələrə daha ehtiyatla yanaşmasına səbəb olub.
Alış-verişə təşviq üçün indi çox böyük endirimlər və minimum qiymətlər tələb olunur.
Bu isə "Alibaba", "Pinduoduo" və "JD.com" kimi nəhənglər arasında qızğın qiymət rəqabətinə səbəb olub.
"Alibaba"-nın açıqladığı rüblük göstəricilər isə "JD.com"-un nəticələri ilə müqayisədə zəif görünür.
"JD.com" həm gəlir baxımından proqnozları üstələyib, həm də istifadəçi sayında ciddi artım göstərib.
Son rüb üzrə "Alibaba"-nın ümumi gəliri 236,45 milyard yuan (təxminən 32,8 milyard dollar) olub.
Halbuki analitiklər bu göstəricinin 237,24 milyard yuan olacağını proqnozlaşdırırdılar.
Səbinə Uğur
"Cebheinfo.az"