“Doğru yolda olmadığımı indi anladım”

Dövlət əleyhinə açıq çağırışlar etməkdə ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri – Gündüz Mirzəyev və Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqına start verilib.
“Qafqazinfo”nun məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. İclasda əvvəlcə prokuror ittiham aktını elan edib.
İttihamda deyilir ki, Zaur Əsgərov “Vasmoy bazarı” kimi tanınan 8-ci kilometr bazarında tanış olduğu digər təqsirləndirilən şəxs Gündüz Mirzəyev, hazırda məhkum olan Kərimov Elşən Məhyəddin oğlu və istintaqla axtarışda olan digər şəxslərlə birlikdə “Azərbaycan naminə birlik” adlı vatsap qrupuna qoşulub. Təxminən 200 üzvü olan həmin qrupda dövlət əleyhinə çağırışlar edilib.
Zaur və Gündüz saxlanılana qədər həmin qrupda fəal iştirak ediblər, xüsusilə ölkənin cənub bölgəsində yaşayan şəxslərin də qrupa cəlb olunmasını təklif ediblər.
Qrup üzvlərinin əksəriyyəti ölkə xaricində yaşayan şəxslər olub və onlar dövlət əleyhinə yönələn ifadələr səsləndiriblər.
Bu hərəkətlərlə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar etmə) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunurlar.
Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev müttəhimlərdən ittihama münasibətlərini soruşub, təqsirləri sübut ediləcəyi halda 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə biləcəklərini xatırladıb.
Zaur Əsgərov ittihamla razılaşmadığını bildirib, lakin işlətdiyi təhqiramiz ifadələrə görə peşman olduğunu deyərək üzr istəyib.
Gündüz Mirzəyev isə özünü təqsirli bilib. O, törətdiyi əməllərdən dərin peşman olduğunu, doğru yolda olmadığını indi anladığını deyib və dövlət başçısına müraciət edərək bağışlanmasını istəyib.
Proses gələn həftə şahidlərin dindirilməsi ilə davam edəcək.
Qeyd edək ki, hər iki şəxs prokurorluq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
"Cebheinfo.az"