Deputat: “Azərbaycanla Türkiyə arasında əbədi bağ var” – VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin Sinop şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclası keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdə 13 ölkənin nümayəndələri iştirak edib.
Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova təmsil ediblər.
Görüşdən sonra Sinopun tarixi və turistik yerlərini ziyarət edən nümayəndə heyəti şəhərin bənzərsiz təbiətinə, eləcə də zəngin tarixinə heyranlıqlarını gizlədə bilməyib.
Nümayəndə heyətinin tərkibində olan azərbaycanlı deputat Səbinə Salmanova isə çıxışı ilə diqqət çəkib.
Belə ki, tarixi Sinop həbsxanasını ziyarət edən millət vəkili Səbinə Salmanova təəssüratlarını “Vitrinhaber”lə bölüşüb.
Deputat tarixi həbsxananın soyuq daş divarları, qaranlıq hücrələri və keçmişin izlərini daşıyan zindanların onu heyran etdiyini söyləyib:
“Bura hər nə qədər qorxulu olsa da, tarixdir. İnsan burada keçmişin nəfəsini hiss edir. Sinop təkcə tarixi ilə deyil, təbiəti və sakinlərin qonaqpərvərliyi ilə insanı özünə cəlb edir”.
O bildirib ki, Azərbaycanla Türkiyə arasında əbədi bağ var:
“Sinopda özümü evimdəki kimi hiss etdim. Bu şəhər həm təbii gözəllikləri, həm də tarixi teksturası (quruluş) ilə açıq səma altında bir muzey kimidir. Buranı görəndə çox sevindim, yenidən gəlmək istərdim”.
O, həmçinin Sinopda keçirilən beynəlxalq görüşün çox əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.
Elmir Mustafa
“Cebheinfo.az”