Azərbaycan ilk “TurkicSkills” Peşəkar Bacarıqlar Çempionatında iştirak edəcək

Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınan Qazaxıstanın Aktau şəhərində 2025-ci ilin payızında tarixi hadisə baş tutacaq: türkdilli ölkələr arasında ilk peşəkar bacarıqlar çempionatı olan “TurkicSkills” keçiriləcək.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Təhsil Nazirliyindən bildirilib.
“Bu, türkdilli ölkələrin gənc mütəxəssisləri arasında təcrübə mübadiləsinin stimullaşdırılması, peşəkar sahənin yaradılmasına yönəlmiş genişmiqyaslı təşəbbüsdür. Çempionat gənclərin potensialının üzə çıxarılması, müasir texnologiyaların təbliği və dövrün çağırışlarına cavab verə biləcək yeni ixtisaslı kadr nəslinin formalaşdırılması üçün mühüm platformaya çevriləcək”, - qurumdan vurğulanıb.
Çempionatda Qazaxıstan, Türkiyə, Azərbaycan, Macarıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Monqolustan da daxil olmaqla səkkiz ölkədən 16-22 yaş arası 100-dən çox gənc mütəxəssisin və 80 yüksək ixtisaslı mütəxəssisin iştirakı planlaşdırılır.
Müsabiqə informasiya texnologiyaları, tikinti və tikinti texnologiyaları, istehsal və mühəndislik texnologiyaları, sosial və fərdi xidmət sahələrini əhatə edən 15 əsas istiqamət üzrə keçiriləcək.
Mobil robototexnika və pilotsuz uçuş aparatlarının (dronların) idarə olunması kimi perspektivli sahələrə xüsusi diqqət yetiriləcək.
"Cebheinfo.az"