Dünya üçün pis xəbər: Yeni bahalaşma dalğası gəlir

Dünya üçün pis xəbər: Yeni bahalaşma dalğası gəlir

Avropada təsirini artıran anomal isti hava kənd təsərrüfatı istehsalına mənfi təsir göstərir.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, buğda, qarğıdalı və digər strateji məhsullarda gözlənilən məhsuldarlıq azalması yaxın aylarda qlobal ərzaq qiymətlərində yeni bahalaşma dalğasına səbəb ola bilər.

Avropa Komissiyasının və beynəlxalq kənd təsərrüfatı qurumlarının məlumatlarına görə, quraqlıq və yüksək temperatur torpaq nəmini kritik səviyyəyə endirib.

Bu səbəbdən Avropada ümumi taxıl istehsalının ötən mövsümlə müqayisədə 3,2–4 faiz azalacağı, yumşaq buğda istehsalında isə 6,2 faizlik geriləmə olacağı proqnozlaşdırılır.

Quraqlıqdan ən çox təsirlənən məhsullardan biri də qarğıdalıdır. Fransa və Balkan ölkələrində fermerlər su çatışmazlığı səbəbindən qarğıdalı əkinlərini azaldaraq günəbaxan və soya kimi daha davamlı məhsullara üstünlük verirlər. Nəticədə Avropada günəbaxan əkin sahələri 14,5 faiz artıb.

Yüksək temperatur heyvandarlıq sektoruna da mənfi təsir göstərir. İstilik stresi səbəbindən süd inəklərində yem istehlakı azalır, bu da süd məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Hideki Kanamaru bildirib ki, qlobal temperaturun hər 1 dərəcə yüksəlməsi qarğıdalı, düyü, soya və buğda kimi əsas məhsulların məhsuldarlığını 6 faizə qədər azalda bilər.

Onun sözlərinə görə, ekstremal istilər yalnız əkinçiliyə deyil, həm də heyvandarlıq, balıqçılıq və meşə təsərrüfatına mənfi təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, kənd təsərrüfatında məhsuldarlığın azalması, gübrə kimi əsas istehsal vasitələrinin bahalaşması və iqlim amillərinin yaratdığı əlavə risklər yaxın aylarda dünya ərzaq bazarında yeni qiymət artımlarına səbəb ola bilər.

Gülər
"Cebheinfo.az"