Yollarda “qaçdı-tutdu” oyunu: Sərnişin yolun yarısını piyada getməli olur
Son vaxtlar nəqliyyatla bağlı əsas problemlərdən biri kimi taksilərin dayanacağa yan ala bilməməsi, yəni sərnişinin minib-düşməsi ilə bağlı çətinliklər göstərilir.
Belə ki, taksilər cərimələnməmək üçün nə avtobus, nə də velosiped zolağına daxil ola bilmir. Nəticədə yalnız taksi sürücüləri deyil, eyni zamanda sərnişinlər problemlə üzləşməli olurlar.
Məsələn, vətəndaş taksi sifariş etdikdə, sürücü bildirir ki, həmin ərazidə dayanmağa icazə yoxdur, gəlib, yolun hərkət zolağında taksiyə minə bilərsiniz. Yaxud sərnişini elə ümumi hərəkət zolağında taksidən düşürür ki, bütün bunlar da sərnişinlərin həyatı üçün təhlükə yaradır.
Problemin aradan qaldırılması ilə bağlı hətta bugünlərdə Milli Məclisdə millət vəkili Məlahət İbrahimqızı da təkliflə çıxış edib:
“Taksi fəaliyyəti ilə bağlı qanunvericilikdə sərnişinlərin, xüsusilə həssas qrupların rahatlığının nəzərə alınmalıdır.
Bu gün taksi sürücüləri tətbiq olunan cərimələrdən narazı deyillər. Lakin müəyyən güzəştlərin olmasını istəyirlər. Bir çox insan taksi sifariş verərək işlərini asanlaşdırmaq istəyir.
Amma bu gün heç də hər yerdə asanlıqla maşın saxlamağa yer tapılmır, çünki cərimə tətbiqindən narahat olurlar. Hava şəraiti, insanların səhhəti nəzərə alınmalı, heç olmaya taksilərə 2-3 dəqiqəlik icazə verilməlidir ki, sərnişini düşürə bilsinlər.
Məsələn, İçərişəhərdə təşkil olunan tədbirə getmək üçün taksi sifariş verdik və saxlamağa yer olmadığından “Mərkəzi Univermaq” tərəfdə saxlamalı oldu, nəticədə oradan Qoşa Qalaya qədər piyada yol getməlisən ki, bu da kifayət qədər məsafədir”.
Deputat qeyd edib ki, ictimai əhəmiyyətli obyektlərin, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı.
Problemi necə həll etmək olar, bunun üçün velosiped, yaxud avtobus zolağından istifadəyə icazə verilməsi mümkündür?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, bu problem həqiqətən də son dövrlərdə taksi fəaliyyəti ilə bağlı ən çox müzakirə olunan məsələlərdəndir:

“Şəhərin mərkəzi küçələrinin bir çoxunda dayanmanın qadağan edilməsi, avtobus və velosiped zolaqlarının ayrılması, həmçinin parklanma yerlərinin məhdudluğu taksi sürücülərinin sərnişini təhlükəsiz şəkildə mindirib-düşürməsini çətinləşdirir.
Millət vəkili Məlahət İbrahimqızının da qeyd etdiyi kimi, müəyyən nöqtələrdə qısamüddətli, məsələn, 2-3 dəqiqəlik dayanma imkanlarının yaradılması bu problemin həllinə kömək edə bilər.
Dünyanın bir çox şəhərlərində “Pick-up/Drop-off” adlanan xüsusi minmə-düşmə zonaları təşkil olunur, taksilər yalnız sərnişin götürmək və ya düşürmək məqsədilə həmin yerlərdən istifadə edə bilirlər”.
Ekspert deyir ki, mövcud qaydalara görə, taksilərin sərnişin mindirmək və ya düşürmək üçün velosiped və ya avtobus zolağından özbaşına istifadə etməsi düzgün hesab edilmir:
“Avtobus zolaqları ictimai nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək, velosiped zolaqları isə velosipedçilərin təhlükəsizliyi üçün ayrılıb. Bu zolaqlarda dayanma digər hərəkət iştirakçıları üçün risk yarada və nəqliyyat axınına mane ola bilər.
Digər tərəfdən, sərnişini yolun hərəkət hissəsində, ikinci zolaqda və ya hərəkəti məhdudlaşdıran formada düşürmək də təhlükəlidir. Son illər baş verən bəzi ağır qəzalar məhz sərnişinin avtomobildən düşdükdən sonra digər nəqliyyat vasitəsinin vurması ilə nəticələnib.
Məncə, problemin həlli cərimələrin yumşaldılmasından daha çox şəhər infrastrukturunun uyğunlaşdırılmasındadır. Xüsusilə insanların çox istifadə etdiyi metro çıxışları, ticarət mərkəzləri, xəstəxanalar, məktəblər və biznes mərkəzlərinin yaxınlığında xüsusi taksi minmə-düşmə məntəqələrinin yaradılması daha effektiv nəticə verə bilər.
Bundan əlavə, bəzi küçələrdə yol layihələndirilməsi zamanı qısamüddətli dayanma ciblərinin nəzərdə tutulması həm sürücülərin, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini artırar”.
Ekspertin sözlərinə görə, əsas məqsəd taksilərə hər hansı zolaqda dayanmağa icazə vermək deyil, sərnişinin təhlükəsiz şəkildə minib-düşməsi üçün qanuni və təhlükəsiz şərait yaratmaq olmalıdır:
“Bu yanaşma həm nəqliyyat axınının qorunmasına, həm də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət edər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”


