İnsan alveri ilə bağlı 161 cinayət faktı aşkarlanıb

İnsan alveri ilə bağlı 161 cinayət faktı aşkarlanıb

Ötən il 161 insan alveri (əvvəlki dövrlə müqayisədə +2) ilə bağlı cinayət faktı aşkarlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi məqsədilə xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 (əvvəlki dövrlə müqayisədə +2) insan alveri və 1 (əvvəlki dövrlə müqayisədə -2 ) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanıb.

Həmin faktlar üzrə 15 (-1) cinayət işi başlanılaraq 16 şəxs (-2; 13 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Ümumilikdə 13 (+2) cinayət işinin (6-ı ötən illərin) istintaqı tamamlanıb 14 nəfər (sabit; 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilmiş, insan alverçilərinin 11-i (+1) haqqında ittihamedici hökmlər çıxarılıb.

Həmçinin insan alveri (15), seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 (əvvəlki dövrlə müqayisədə +9) təqsirləndirilən şəxs yerli axtarışda olub.

Onlardan 16 (+7) nəfəri, o cümlədən 3 (-2) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

“Cebheinfo.az”