Bərpa olunan enerjinin payı 30 faizə çatacaq
Ölkəmiz “yaşıl inkişaf” və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi sahəsində genişmiqyaslı layihələr icra edir.
2030-cu ilədək enerji istehsalında bərpa olunan enerjinin payının 30 faizə çatdırılması hədəflənib.
“Cebheinfo.az” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" şüarı altında təşkil olunan beynəlxalq konfransda çıxışında bildirib.
O qeyd edib ki, bu, Azərbaycanın tərəfdar çıxdığı Paris Sazişi çərçivəsində 2035-ci ilədək istixana effekti yaradan qaz emissiyalarının azaldılması istiqamətində öhdəliklərin yerinə yetirilməsi üçün mühüm zəmin yaradır:
“Təəssüflə qeyd etməliyik ki, uzun illər Ermənistanın işğalı altında qalmış ərazilərimizdə təbii sərvətlərə, ekosistemə, flora və faunaya ciddi ziyan vurulmuşdur. Ekosid, urbisid və kultursid cinayətləri törədilmişdir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır.
Qeyd edim ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarında ekoloji proseslərin dəstəklənməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramı tərəfindən ekspert dəstəyi almışdır və göstərilən bu dəstəyə görə təşkilata təşəkkürümüzü bildiririk”.
Gülər
“Cebheinfo.az”


