ADY-145: Dəmir yollarla yaşıl gələcəyə

Azərbaycanın müasir nəqliyyat sisteminin onurğa sütunu sayılan dəmiryolları 145, Azərbaycan mətbuatı isə 150 illik yubileyinə hazırlaşır. Maraqlıdır, əgər 1878-ci ildə “Əkinçi” çıxmağa davam etsəydi, Bakıda dəmiryol xəttinin çəkilməsi xəbərini böyük Həsən bəy Zərdabi necə təqdim edərdi?
“Əkinçi”-də olmasa da, arxivlərdə bu hadisə belə təsvir olunub:
“20 yanvar 1880-ci ildə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xəttinin təntənəli açılışı baş tutdu -bu, Azərbaycan ərazisində salınan ilk dəmir yolu xətti idi. Həmin ildə Bakıda ilk dəmir yolu deposu da tikildi”.
1880-dən başlayan yol
İlk sənaye inqilabının yan keçdiyi feodal Azərbaycana ikinci sənaye inqilabı dəmir relslər üzərində gəldi desək, mübaliğə etmiş olmarıq. 1878-1880-ci ildə salınan ilk Bakı-Suraxanı dəmiryol xəttininin qurulmasında əsas məqsəd Bakı neftini sahilyanı limanlara daha səmərəli çatdırmaq idi.
Bu xətt təkcə neft daşınmasında deyil, ölkənin iqtisadi xəritəsində yeni dövrün başlanğıcının əsasını qoydu. 1883-cü ildə Bakı-Tiflis dəmir yolu xəttinin istifadəyə verilməsi isə artıq Azərbaycanın Cənubi Qafqazda tranzit mərkəzinə çevriləcəyini göstərdi. Bu yol yalnız yük deyil, həm də sərnişin axınını təmin edir, regionun müxtəlif etnik və iqtisadi qruplarını bir-birinə yaxınlaşdırırdı.
Yolun davamı olaraq 1899-cu ildə Tiflis-Batumi xətti istifadəyə verildi və Bakı nefti Qara dənizə daşınmağa başladı. Beləliklə, Azərbaycan neftinin dünya bazarına çıxışı dəmir yolları sayəsində mümkün oldu. 1900-cü ildə inşa olunan Bakı-Biləcəri-Dərbənd- Port-Petrovsk xətti Azərbaycanı Rusiyanın mərkəzi vilayətlərinin dəmir yolu ilə birləşdirdi. 1908-ci ildə Uluxanlı- Şərur-Culfa xətti çəkildi, sonra bu xətt Tiflis- Aleksandropol-İrəvan dəmir yolu ilə qovuşdu.
Sovet dövrü:
Sənayeləşmə və strateji daşımalar
1920-ci ildən sonra Sovet hakimiyyəti illərində Azərbaycan dəmir yolları mərkəzləşdirilmiş planlı iqtisadiyyatın mühüm dayaqlarından birinə çevrildi. Bu dövrdə genişmiqyaslı infrastruktur layihələri reallaşdırıldı: Bakı-Astara, Bakı- Qazax, Horadiz-Mehri, Yalama-Bakı kimi istiqamətlər üzrə yeni xətlər çəkildi, yük və sərnişin daşımalarının həcmi artdı. Sürət və təhlükəsizlik baxımından infrastruktur müasirləşdirildi, bəzi xətlər elektrikləşdirildi.
İkinci Dünya müharibəsi illərində Azərbaycan dəmir yolları SSRİ-nin cəbhəyə yanacaq və hərbi texnika daşınmasında çox əhəmiyyətli rola malik idi. Məsələn, Bakı nefti ilə dolu vaqonlar Qroznı və Volqa istiqamətinə daşınaraq Sovet Ordusunun enerji ehtiyacını təmin edirdi.
1950-1980-ci illər ərzində lokomotiv parkı yeniləndi, təmir zavodları inşa olundu, dəmiryolçular üçün təhsil müəssisələri və peşə məktəbləri yaradıldı. Bu illər ərzində dəmir yolları təkcə iqtisadi deyil, həm də sosial-iqtisadi sabitliyin əsas dayağı idi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, dəmir yolları sistemində ciddi çətinliklər başladı.
SSRİ-dən miras qalan köhnəlmiş infrastruktur, texnologiyalar və idarəetmə sistemi dövrün tələblərinə cavab vermirdi. Əlavə olaraq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 240 km-lik dəmir yolları tamamilə fəaliyyətsiz qaldı.
Azərbaycan Dəmir Yolları (ADY) bu dövrdə həm fiziki, həm də institusional transformasiya mərhələsinə qədəm qoydu.
ADY dəhlizlərdə
Azərbaycanın coğrafi mövqeyi ona nəqliyyat superqovşağı imkanı yaradır.
ADY ölkənin nəqliyyat sistemini regional və qlobal dəhlizlərin ayrılmaz hissəsinə çevirməklə bu fürsəti maksimum dəyərləndirməyə çalışır. Şimal–Cənub nəqliyyat dəhlizində Azərbaycanın rolu təkcə Rusiya, İran, Hindistan və digər ölkələri birləşdirən tranzit deyil, eyni zamanda logistik mərkəzdir.
Astara terminalı, multimodal daşımalar, dəmiryol-avtomobil inteqrasiyası - bu dəhlizin effektivliyində ADY-nin təşəbbüskar rolu var. Astara (Azərbaycan) - Astara (İran) sərhədində inşa olunan terminal bu marşrutun əsas halqalarından biridir. ADY burada həm yüklərin təkrar yüklənməsi, həm də sürətli gömrük və sənədləşmə prosedurlarının tətbiqi üçün müasir imkanlar yaradıb.
Eyni zamanda, Astara-Rəşt-Qəzvin dəmir yolunun tamamlanması, dəhlizin Hindistandan Rusiyaya qədər uzanan hissəsinin tam işlək vəziyyətə gəlməsini təmin edəcək. Bundan başqa, Şimal-Cənub dəhlizində avtomobil və dəniz daşımalarının dəmir yolu ilə uzlaşdırılması Azərbaycanın multimodal nəqliyyat habına çevrilməsinə şərait yaradır.
ADY bu konteksdə təhlükəsiz, rəqəmsallaşdırılmış və ekoloji cəhətdən dayanıqlı nəqliyyat sistemlərinin tətbiqi ilə də fərqlənir. Habelə, yüklərin izlənməsi üçün GPS əsaslı sistemlər, onlayn tarif platformaları və ölkə daxilində logistika mərkəzləri ilə inteqrasiya bu dəhlizin rəqabət qabiliyyətini artırır.
Azərbaycan bu təşəbbüslərlə yalnız tranzit ölkə kimi yox, regionda strateji logistik koordinasiya mərkəzi kimi çıxış edir.
Şərq-Qərb dəhlizi və “Orta Dəhliz”
ADY bu marşrutda yük daşımalarının planlaşdırılması, infrastrukturun idarə olunması və koordinasiya sahəsində önəmli tərəfdaşdır. Bu xəttin əsas dayaqlarından biri Bakı–Tbilisi–Qars dəmir yoludur.
Azərbaycan Dəmir Yolları (ADY) burada yük axınının planlaşdırılması, rəqəmsal logistik sistemlərin tətbiqi, vaxt və məsrəf optimallaşdırması kimi sahələrdə mühüm funksiyalar yerinə yetirir. Beynəlxalq Nəqliyyat Forumu (ITF) bu dəhlizi Çin–Avropa ticarətinin sürətlənməsi üçün əsas alternativ yol kimi təqdim edir.
ADY-nin tranzit imkanları sadəcə nəqliyyat deyil, həm də regional əməkdaşlıq, enerji təhlükəsizliyi və ticarət diplomatiyası üçün açar rolunu oynayır. Beləliklə, Orta Dəhliz, Azərbaycanı Avrasiya qitəsinin nəqliyyat əsasında birləşdirici ölkəsinə çevirir.
Zəngəzur dəhlizi – gələcəyin layihəsi
Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək bu xətt təkcə ölkədaxili əlaqəni bərpa etməyəcək. Bu, həm də Türkiyə, Orta Asiya və Cənubi Qafqaz arasında yeni bir nəqliyyat xəttinin açılması deməkdir. ADY artıq bu dəhliz üzrə planlaşdırma işlərinə başlayıb.
Rəqəmsal transformasiya: ADY-də yeni mərhələ
Dəmir yollarında inkişaf artıq təkcə relslərin çəkilməsi ilə ölçülmür. Müasir dövr texnoloji yanaşmaları və rəqəmsal idarəetməni də tələb edir. ADY bu baxımdan da çağın tələbinə uyğun addımlar atır. Elektron biletlər, mobil tətbiqlər, onlayn xidmətlər artıq sərnişinlər üçün adi hala çevrilib. Yük daşımalarında GPS monitorinqi, elektron sənədləşmə və gömrük inteqrasiyası yük axınlarını həm sürətləndirir, həm də şəffaflaşdırır.
İdarəetmədə isə data əsaslı qərarvermə, marşrutların optimallaşdırılması və resursların səmərəli istifadəsi ön plandadır. Bu texnoloji transformasiya ADY-ni gələcəyin nəqliyyat şəbəkəsinə hazırlayır. 145 il əvvəl Bakıdan Sabunçuya çəkilən o ilk xəttin səsi bu gün Çinlə Avropanı, Rusiya ilə Hindistanı birləşdirən relslərdən gəlir. ADY-nin lokomotivi isə yalnız dəmirlə deyil - iradə, vizyon və yeniliklərlə hərəkət edir.
Müasir çağırışlara cavab olaraq ADY fəaliyyətində rəqəmsal texnologiyaların inteqrasiyasını prioritet istiqamətlərdən birinə çevirib. Rəqəmsallaşma təkcə sənəd dövriyyəsinin elektronlaşdırılması ilə məhdudlaşmır, bu, həm də nəqliyyat zəncirinin bütün mərhələlərində sürət, şəffaflıq və nəzarət imkanlarının artırılması deməkdir.
İlk növbədə, yüklərin elektron izlənməsi sistemləri (e-tracking) tətbiq olunub. Bu sistem vasitəsilə yüklərin hərəkəti real vaxtda izlənilir, müştərilər isə onlayn rejimdə məlumat əldə edə bilirlər.
Bu, beynəlxalq daşımalar zamanı logistika sahəsində etibarlılıq və operativliyin yüksəlməsinə şərait yaradır. Eyni zamanda, ADY elektron bilet satış platforması və rəqəmsal tarif kalkulyatorları vasitəsilə sərnişin daşımalarında da xidmət keyfiyyətini artırıb. Mobil tətbiqlər, elektron ödəniş sistemləri və səsli cavab mərkəzləri (IVR) kimi həllər sayəsində sərnişinlərlə əlaqə daha çevik və əlçatan olub.
Bundan əlavə, ADY əşyaların interneti (IoT) texnologiyası ilə lokomotiv və vaqonların texniki vəziyyətini uzaqdan monitorinq edir. Bu, texniki nasazlıqların vaxtında müəyyənləşdirilməsinə və proqnozlaşdırıcı texniki xidmətin təşkili ilə xərclərin azaldılmasına səbəb olur. ADY həm də rəqəmsal loqistika platformaları üzərində işləyir ki, bu da yük göndərənlərə və operatorlara vahid pəncərə prinsipilə xidmətlərə çıxış imkanı verir.
Bu sistemlər sayəsində daşıma sifarişi, sənədləşmə, tarif hesablaması və ödəniş kimi proseslər tam elektronlaşdırılıb. Bütün bunlar təkcə texniki modernləşmə deyil, ölkənin beynəlxalq nəqliyyat reytinqini artıran strateji dönüş kimi dəyərləndirir.
Bu yanaşma Azərbaycanın rəqəmsal dəhlizlərin ayrılmaz hissəsi olmaq istiqamətində irəliləməsinə real zəmin yaradır. Rəqəmsal transformasiyanın nümunəvi layihələrindən biri "ADY Logistics" portalıdır. Bu platforma yük göndəriciləri və logistika şirkətləri üçün vahid onlayn sistem təklif edir.
İstifadəçilər burada daşıma sifarişi verə, marşrut planlaşdıra, tarif hesablayaraq müqavilə bağlaya və real vaxt rejimində yükün hərəkətini izləyə bilirlər. Bu sistem xüsusilə beynəlxalq tranzit yüklərinin idarəsində çevikliyi və şəffaflığı artırır.
Digər vacib təşəbbüs – SƏLİS (Sürətli Əlaqə və Logistika İnformasiya Sistemi) – gömrük, sərhəd xidməti, yükdaşıyıcılar və ADY arasında avtomatlaşdırılmış məlumat mübadiləsi üçün yaradılıb. Bu sistem vasitəsilə sərhəd keçidləri sadələşdirilir, sənəd təqdim etmə prosesi elektronlaşdırılır və insan amilindən doğan gecikmələrin qarşısı alınır.
ADY, həmçinin Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) və TRACECA (Avropa- Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) kimi təşkilatlarla əməkdaşlıq çərçivəsində beynəlxalq rəqəmsal standartlara keçid üzrə pilot layihələr həyata keçirir.
Məsələn, rəqəmsal konosament (e-CIM) və elektron tranzit sənədləri kimi həllər artıq sınaqdan keçirilir və yaxın gələcəkdə tətbiq sahəsi daha da genişlənəcək. Məlumat analitikası və süni intellekt texnologiyalarının tətbiqi də planlaşdırılan mərhələlərdəndir. ADY hazırda yük axınlarının proqnozlaşdırılması, marşrut optimizasiyası və resursların optimal bölüşdürülməsi üçün data-analitika texnologiyalarını sistemə inteqrasiya edir. Bu, eyni zamanda enerji səmərəliliyinin artırılmasına və ətraf mühitə təsirin azaldılmasına da xidmət edir.
Dəmir yollarda karbon ayaq izi
Dünya iqlim dəyişikliyi problemləri ilə mübarizə apararkən karbon emissiyalarının azaldılması prioritet məsələdir. Bu kontekstdə dəmir yolları, həm sərnişin, həm də yük daşımalarında ətraf mühitə olan mənfi təsirin azaldılması üçün ən effektiv nəqliyyat vasitələrindən biridir.
Avropa İttifaqının nəqliyyat üzrə yaşıl strategiyalarında dəmir yolları "yaşıl tranzit dəhlizlərinin əsas sütunu" kimi qəbul olunur. ADY bu istiqamətdə öz töhfəsini elektrikləşdirilmiş dəmir yolu xətlərinin payını artırmaqla verir. Hazırda ölkə üzrə elektrikləşdirilmiş xətlər ümumi dəmiryolu şəbəkəsinin 63 faizdən çoxunu təşkil edir.
Bu, həm karbon qazı emissiyalarını azaldır, həm də enerji səmərəliliyini yüksəldir. Eyni zamanda, rəqəmsallaşma və avtomatlaşdırma hesabına lokomotivlərin boş gedişlərinin qarşısı alınır, bu da əlavə yanacaq sərfiyyatının və ekoloji izlərin azalmasına səbəb olur.
Üstəlik, ADY-nin iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən “Yaşıl Orta Dəhliz” təşəbbüsləri ətraf mühitə minimum təsirlə yüklərin multimodal daşınmasına şərait yaradır. Gələcəkdə hidrogen enerjisi ilə işləyən lokomotivlərin tətbiqi ilə bağlı ilkin araşdırmaların aparılması isə Azərbaycanın dəmir yollarını “iqlim dostu” nəqliyyat modelinə çevirməyə yönəlib.
Beləliklə, Azərbaycan Dəmir Yolları öz relsləri üzərində təkcə yük və sərnişin deyil, həm də innovasiya, ekoloji məsuliyyət və geosiyasi tərəfdaşlıq daşıyır.
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
Zemfira Məmmədqızı
“Cebheinfo.az”