Kafe və restoranlar niyə bu qədər doludur?

Kafe və restoranlar niyə bu qədər doludur?

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 750,3 milyon manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % çoxdur.

Dövr ərzində hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 53,3 %-ni təşkil edib.

Bəs Bakıda ictimai iaşə sektorunda dövriyyənin artmasına səbəb nədir? Turizm axınının bu dövriyyəyə təsiri varmı? Paytaxtla müqayisədə regionların ictimai iaşə dövriyyəsinin vəziyyəti necədir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Bakıda ictimai iaşə sektorunda dövriyyənin artmasına səbəb Məhərrəm ayının başlamasıdır.

Onun sözlərinə görə, hər il Məhərrəm ayı ərəfəsində həm paytaxtda, həm də bölgələrdə ictimai iaşə sektorunda dövriyyənin artması tendensiyası müşahidə olunur:

“İyun ayının 26-da Məhərrəm ayı başlayıb. Məsələn, ərəblər hicri-qəməri təqviminə əsaslanaraq, məhərrəm ayının 1-də yeni ilə qədəm qoyurlar.  Bakıda isə əhalinin böyük əksəriyyəti şiə məzhəbindədir. Şiə məzhəbinə inananlar isə Məhərrəm ayında toy və digər şənliklər keçirmirlər. Bu səbəbdən də toy və digər şənlikləri əsasən aprel, may və iyunun 26-na qədərki dövrə qədər sıxışdırıldı.

Bu müddətdə demək olar ki, bütün restoranlar və ictimai iaşə obyektləri dolu olur. Bu sonda ictimai iaşə dövriyyəsində ciddi artımla nəticələndi. Hər il Məhərrəm ayı ərəfəsində bu hal müşahidə olunur. Bu həm paytaxtda, həm də bölgələrdə belədir”. 

Ekspert qeyd edib ki, sadəcə insanlar Məhərrəm ayı girənə qədər toy və digər şənlikləri keçirtmək üçün tələsir və bu da artımın müşahidə olunmasına səbəb olur:

“Təbii ki, bölgələrdə dövriyyə ümumilikdə daha azdır, buna görə də artım nisbətən zəif hiss olunur, amma tendensiya eynidir. Ola bilər ki, şimal bölgələrində, əsasən sünni əhalinin yaşadığı ərazilərdə bu dəyişiklik hiss edilməsin.

Lakin Mərkəzi Aran, Cənub bölgələri, Bakı və Bakıətrafı ərazilərdə əhalinin əksəriyyəti, bu inancla yaşayan insanlar Məhərrəm ayında şadlıq mərasimləri keçirmirlər. Hətta toy məclisi olmasın, hansısa bir məclis keçirtmək istəyən də tələsir ki, bunu Məhərrəm ayı girənə qədər etsin.

Əsas səbəb budur, məhz burada başqa bir faktor axtarmağa dəyməz. Çünki Azərbaycanda nə turizm axınında ciddi artım var, nə də əhalinin gəlirində nəzərəçarpacaq bir yüksəliş müşahidə olunub ki, deyək, insanlar daha çox ictimai iaşə obyektlərindən istifadə etməyə başlayıblar. Belə bir hal yoxdur. İctimai iaşə dövriyyəsində artıma təsir edən yeganə səbəb Məhərrəm ayıdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”